“Azərbaycan Prezidentinin yerli mediaya müsahibəsi zamanı bir növ Azərbaycanın 2025-ci ildə əldə etdiyi nailiyyətlərin xülasəsini səsləndirdi və bəlli oldu ki, Azərbaycan 2025-ci ildə həm daxili, həm də xarici siyasətdə olduqca böyük nailiyyətlərə imza atmağı bacarıb. Bu isə Azərbaycan dövlətinin daha da güclənməsi üçün yeni imkanlar formalaşdırıb”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında deyib. O bildirib ki, yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan Prezidenti əsas vacib hadisəsi kimi 8 avqust 2025-ci ildə ABŞ-da Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını xüsusi qiymətləndirib:
“Bu, doğurdan da, olduqca vacib tarixi hadisədir, çünki avqust ayına qədər hələ də bəzi ölkələr hərbi-siyasi müstəvidə əldə etdiyimiz böyük zəfəri qəbul etmək istəmirdilər. Azərbaycan Prezidenti ona görə qeyd etdi ki, dünyanın bir nömrəli sarayında biz bu sülhün möhürünü vurmağı bacardıq. Sülhün olması əməkdaşlıq, inteqrasiyanın artması, dövlətin güclənməsi, müharibə üçün xərclənən vəsaitin sosial sferaya, vətəndaşların rifahına yönəldilməsi, ölkəyə daha çox yatırımın gəlməsi və s. deməkdir. Bütün bunlar Azərbaycan Prezidentinin fikirlərindəki digər komponentlər üzərində öz əksini tapdı”.
Deputat qeyd edib ki, bir çoxları üçün adi diplomatik uğur kimi görünən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının daimi üzvü kimi Azərbaycanın qəbul edilməsi hadisəsinin alt qatlarında böyük iqtisadi əməkdaşlıq və inteqrasiya məsələləri durur:
“Eyni zamanda, Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq haqqında imzalanmış bəyannamə yenə iqtisadi fəaliyyətlə tamamlanır ki, bu da ölkəyə rifah gətirir. Yaşıl enerji sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması deməkdir, həm də ölkəmizin qazma enerji daşıyıcılarından özünü yavaş-yavaş yaşıl enerjiyə transfer etməsi anlamına gəlir. Bütün bunlar Azərbaycana əlavə iş yerləri gətirir, tranzit yüklərdən Azərbaycanın gəlir əldə etməsini təmin edir, nəhayət, beynəlxalq münasibətlərdə Azərbaycanın yerini və mövqeyini təyin edir. Ona görə də, səsləndirdiyim bu fikirlərdən də göründüyü kimi, 2025-ci ildə əldə etdiyimiz bütün siyasi, diplomatik, inteqrativ, kommunikasiya, logistika uğurları 2026-cı il və ondan sonrakı uzun illər boyu Azərbaycanın inkişafı üçün güclü təməllər yaratmışdır”.
Fidan Vəlisoy