Bakalavr təhsili 3, magistratura isə 1 il olacaq? - Ali təhsillə bağlı MÜHÜM YENİLİK

14:53 - 13 Yanvar 2026

Bakalavr təhsili 3, magistratura isə 1 il olacaq? - Ali təhsillə bağlı MÜHÜM YENİLİK

Türkiyə   universitetlərində bakalavr təhsilinin 3 ilə endirilməsi təklif olunub. Azərbaycanda da bir çox fənnlər, oxşar və eyni mövzular bakalavr proqramlarında müəyyən dəyişikliklə təkrar-təkrar tədris olunur. Bu baxımdan Azərbaycanda da bakalavr təhsil müddətinin azaldılmasına ehtiyac varmı? Bu baş verərsə hansı ixtisaslara şamil oluna bilər?

 

Təhsil eksperti Elçin Əfəndi Manset.az-a açılamasında bildirib ki, növbəti dövrdə Azərbaycanda ali təhsilin bakalavriat pilləsi üzrə təhsilinin 3 ilə, magistratura pilləsi üzrə təhsilin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunacağı gözlənilir.


“Bu təcrübə dünyanın müxtəlif ölkələrində mövcuddur, o cümlədən, qonşu Gürcüstanda da tətbiq olunacaq. Ölkəmizdə bakalavr pilləsində bir çox ixtisaslar üzrə təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endiriləcək. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir. Dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətini qısaltmaq mümkündür. Laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər”.

Ekspert qeyd edib ki, qeyri-ixtisas fənləri çıxarmaqla, tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib:

“Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması üçün belə bir qərarın verilməsi müsbət addımdır. Əgər hər 3 ildən bir müvafiq istiqamət üzrə kadr hazırlığı həyata keçirilərsə, bu həm ali təhsil sisteminə, həm də iqtisadi inkişaf proseslərinə müsbət təsir göstərə bilər”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az