“Davos Forumu Azərbaycan üçün siyasi-diplomatik və ideoloji müstəvidə mühüm əhəmiyyət daşıyır” - DEPUTAT

19:22 - 19 Yanvar 2026

“Davos Forumu Azərbaycan üçün siyasi-diplomatik və ideoloji müstəvidə mühüm əhəmiyyət daşıyır” - DEPUTAT

“Dünya İqtisadi Forumu, daha çox Davos Forumu adı ilə tanınan beynəlxalq platforma, müasir dövrdə qlobal iqtisadiyyatın, beynəlxalq siyasətin və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən nüfuzlu qeyri-formal toplantılardan biri hesab olunur”. 


Bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında deyib. O bildirib ki, 1971-ci ildən etibarən fəaliyyət göstərən bu forum dünya miqyasında dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı transmilli şirkətlərin rəhbərlərini, eləcə də akademik və ekspert dairələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün unikal dialoq mühiti yaradır:

“Davos Forumu rəsmi qərar qəbul edən qurum olmasa da, burada səsləndirilən ideyalar və mövqelər beynəlxalq gündəliyin formalaşmasına, siyasi və iqtisadi trendlərin müəyyənləşməsinə ciddi təsir göstərir. Bu baxımdan forum qlobal idarəetmədə “yumşaq güc” mexanizmi kimi mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı və çıxışları ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu platformadan istifadə edərək Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu, regional və qlobal proseslərə baxışını beynəlxalq auditoriyaya birbaşa şəkildə çatdırmışdır. Onun çıxışlarında Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında oynadığı rol, regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq hüquqa əsaslanan mövqeyi ardıcıl şəkildə vurğulanmışdır. Bu çıxışlar Azərbaycanın beynəlxalq sistemdə etibarlı tərəfdaş və proqnozlaşdırılan aktor kimi qəbul edilməsinə mühüm töhfə vermişdir”. 

Deputat qeyd edib ki, Davos Forumunda Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutan əsas mövzulardan biri enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanın zəngin enerji resurslarına malik olması və bu resursların beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması ölkənin geosiyasi əhəmiyyətini artırmışdır:

“Prezident tərəfindən Cənub Qaz Dəhlizi kimi strateji enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr diqqətə çatdırılmış, Azərbaycanın uzunmüddətli və etibarlı enerji tərəfdaşı olduğu vurğulanmışdır. Eyni zamanda, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və “yaşıl enerji” strategiyası Azərbaycanın qlobal enerji transformasiyası prosesində fəal iştirak etdiyini nümayiş etdirmişdir.

44 günlük Vətən müharibəsindən sonra formalaşmış yeni regional reallıqlar da Davos Forumunda Prezident İlham Əliyevin çıxışlarında mühüm yer tutmuşdur. Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edildiyi, regionda sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığı beynəlxalq ictimaiyyətə aydın şəkildə izah edilmişdir. Prezident İlham Əliyevin bu mövzuda səsləndirdiyi arqumentlər Azərbaycanın haqlı mövqeyinin qlobal səviyyədə daha geniş qəbul olunmasına şərait yaratmışdır.

Ümumilikdə, Davos Forumu Azərbaycan üçün yalnız iqtisadi və investisiya imkanlarının təşviqi baxımından deyil, həm də siyasi-diplomatik və ideoloji müstəvidə mühüm əhəmiyyət daşıyır. Bu platforma vasitəsilə Azərbaycan öz milli maraqlarını, strateji prioritetlərini və gələcək inkişaf baxışını qlobal auditoriyaya effektiv şəkildə təqdim edir. Prezident İlham Əliyevin Davos Forumundakı fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, regional lider dövlət kimi mövqeyinin möhkəmlənməsinə və qlobal proseslərdə fəal iştirak edən müasir dövlət kimi tanınmasına xidmət edir”. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az