Ceyms Vensin Azərbaycana səfərinin nəticələri
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri hər iki tərəf üçün tarixi nəticələrlə yadda qalacaq, bu səfər həm də regional siyasətin yenidən cızılması baxımından da mühüm əhəmiyyət daşıyır. Əvvəla xatırladaq ki, indiyə kimi Ağ Evin əksər sahibləri Azərbaycana qarşı yumşaq desək ənənəvi ədalətsiz, bəzən də qərəzli mövqe tuturdular, yalnız birtəfəli şəkildə Ermənistanı dəstəkləyirdilər. Bunu Bakıya səfəri zamanı hətta ABŞ-nın vitse -prezidenti Vensin özü də etiraf etdi. Təəssüflə bildirdi ki, "Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların buraxdıqları ciddi səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezident Trampın rəhbərliyi ilə bunu düzəltdik." Doğurdan da yalnız Donald Trampın hakimiyyətə gəlişindən sonra bu ədalətsizliyə son qoyulmuş oldu. Məhz bu mənada Ağ Evin Azərbaycana münasibətinin bu cür dəyişməsi həm də rəsmi Bakının, birbaşa isə prezident İlham Əliyevin illərlə apardığı düzgün xarici siyasətin məntiqli nəticəsi idi. Təsəvvür edin ki, erməni lobbisinin təzyiqləriylə daim “qara siyahılara” salınan Azərbaycan, artıq ABŞ-nin strateji tərəfdaşına çevrilir. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası təsadüfi deyil ki, tarixi sənəd adlandırılır. Bu sənəd ikitərəfli münasibətləri artıq strukturlaşdırılmış və uzunmüddətli səviyyəyə qaldırmaqla, iqtisadi, enerji, təhlükəsizlik, texnologiya və investisiya istiqamətlərində real əməkdaşlıq mexanizmləri yaradır. ABŞ Azərbaycana müasir patrul gəmiləri və digər təhlükəsizlik dəstəyi təqdim edəcək ki, bu da ölkənin sərhəd və ərazi sularının qorunması üçün ilkin, amma ciddi hərbi-texniki yardım hesab olunur. Bu həm də Bakı ilə Vaşinqton arasında birbaşa müdafiə əməkdaşlığının rəsmən başlanması anlamında da böyük əhəmiyyətə malikdir, yəni şübhəsiz ki, sözügüdən istiqamətdə hərbi-texniki dəstəyin davamı gələcək. Xəzər hövzəsinin (İran və Rusiya tərəfindən) silahlandırıldığı, orada hərbi və siyasi gərginliyin artdığı hazırkı məqamda isə bu çox vaxtında atılan addım, ətrafa verilən ciddi mesajdır. Azərbaycan həm də Amerikanın nəhəng şirkətlərinin sərmayələrində də maraqlıdır. Vensin səfərindən bir neçə gün öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin də Azərbaycana səfər etməsi, amerikalı tanınmış iş adamlarının Prezident İlham Əliyevlə danışıqlar aparması artıq iki ölkə arasında təkcə siyasi-diplomatik əlaqələrin deyil, həm də iqtisadi münasibətlərin də geniş inkişaf etdiriləcəyindən xəbər verir. Azərbaycanla iqtisadi əməkdaşlıq imkanlarına dair hazırlanan plan ABŞ dövlət qurumlarına və özləl sektora təqdim olunacaq. ABŞ və Azərbaycan arasında süni intellekt və mikroçip istehsalı kimi hazırda aktual olan sahələrdə də birgə layihələr reallaşdırılacaq ki, bu da əməkdaşlığın yeni yüksək səviyyəyə qaldırılacağından xəbər verir.
Tramp marşrutu (Zəngəzur dəhlizi) ilə gələn ilk şəxs

Digər vacib detallardan biri də bu səfərlə demək olar ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək (TRIPP) nəqliyyat-loqistika infrastrukturuna maneələrin tam olaraq aradan qaldırılmasıdır. Vens çıxışı zamanı bu məsələ ilə bağlı maraqlı bir məqama da toxundu, dedi ki, “Mən Azərbaycanın iki hissəsini birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı gələn ilk şəxs oldum”. Əslində bu fikir həm də Zəngəzur dəhlizi ilə bağlı bütün siyasi spekulyasiyalara da son qoymuş oldu. O, sanki bir qədər obrazlı desək həm də Azərbaycana Zəngəzur dəhlizi ilə gələn ilk gerçək şəxs idi. Bir zamanlar Zəngəzur dəhlizini özlərinin “qırmız xətti” adlandıranlar artıq seyrçi mövqeyində prosesləri kənardan sakitcə izləməkdədirlər. Naxçıvana yolların açılması isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin daha bir tarixi xidməti, geosiyasi qələbəsi olacaq. Təbii ki, bu cür tarixi hadisələr heç də asan başa gəlmir. Elə Vensin səfər zamanı Azərbaycan prezidenti haqda səsləndirdiyi fikirlər məhz bu kontekstdə lap yerinə düşür. O çıxışı zamanı dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir.
Vitse-prezident Vens nəyə eyham vururdu?

Vitse-prezidentin yuxarıdakı bu fikirlərini necə şərh etmək olar, o görəsən həm də nəyə eyham vururdu? Heç şübhəsiz ki, Azərbaycan son illər müxtəlif və hətta bəzən dost olmayan siyasi bloklar arasında balanslaşdırılmış uğurlu siyasi xəttə malik bir ölkə kimi tanınır. Bu da bir çox analitiklər tərəfindən balanslaşdırılmış və praqmatik diplomatiya kimi qiymətləndirilir. Vensin “həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan lider” — fikri İlham Əliyevin Qərb-Şərq arasında konsturiktiv körpü yaratmaq bacarığına, diplomatik çeviklik və uğurlu balans siyasətinə işarə kimi də başa düşülə bilər. Ümumiləşdirsək, qeyd etməliyik ki, əksər siyasi təhlilçilər ABŞ -Azərbaycan münasibətləri trekində baş verənləri rəsmi Bakı üçün çox ciddi diplomatik uğur hesab edirlər. Çünki Vensin səfəri uzunmüddətli və strukturlaşdırılmış əməkdaşlıq üçün əhəmiyyətli addım, imzalanan xartiya isə qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndirilir. Qarşılıqlı etimad, strateji tərəfdaşlıq isə təkcə Azərbaycan üçün deyil, həm də hazırkı Güney Qafqazın ümumi geosiyasəti üçün də çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin diplomatik uğuru, dünyanın ən güclü fövqəldövlətini yaxın tərəfdaşa çevirə bilməsi, həm də bu cür daha geniş kontekstdə qiymətləndirilməlidir.
QAFQAZ CƏNUBLU