Bir neçə gündür Birinci Qarabağ müharibəsi dövründə evini məcburi köçkünlərə vermək məcburiyyətində qalan paytaxt sakininin yaxın günlərdə qarşılaşdığı problem gündəmin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib. Belə ki, şəxs artıq bir neçə müddətdir illər boyu evində yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtması nəticəsində öz mənzilinə qayıda bilib. Amma sözügedən şəxs evini geri aldıqdan sonra böyük “sürpriz”lə qarşılaşıb. Belə ki, ev sahibi 10 min manatdan çox işıq pulunun olması ilə bağlı xəbər alıb. Evin əsl sahibi hazırda bu borcu ödəməli olmadığını, bu elektriki onun işlətmədiyini bildirir. Bəs bu məsələdə qanunvericilik nə deyir? Yığılan borcu kim ödəməlidir?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Manset.az-a açıqlamasında bildirib ki, vətəndaş həmin borcun silinməsi və ya şəxs tərəfindən ödənişin təmin olunması ilə bağlı məhkəməyə müraciət olunmalıdır:

“Vətəndaş hesablanmış işıq borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət etdiyi zaman borcun yığıldığı müddət ərzində həmin mənzildə yaşamadığını əsaslandırmalıdır. Eyni zamanda təkcə məcburi köçkün deyil, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də üçüncü şəxs qismində cəlb olunmalıdır. Yalnız həmin borcun silinməsi və ya şəxs tərəfindən ödənişin təmin olunması ilə bağlı məhkəməyə müraciət məsələnin həll olmasına kömək ola bilər”.
Fidan Vəlisoy