Türkiyədə övladı ilk dəfə məktəbə başlayan valideynlər üçün yeni tətbiqin sınağına başlanılıb. Yeni modelə əsasən, valideynlərə uşaqlarının məktəbə və tədris prosesinə uyğunlaşdığı ilk dövrdə gün ərzində 3 saatlıq iş icazəsinin verilməsi nəzərdə tutulur. Hazırda pilot layihə çərçivəsində tətbiq olunan sistemin nəticələri qiymətləndirilir.
Tətbiqin əsas məqsədi uşaqların məktəbə adaptasiya prosesində valideyn iştirakını təmin etməkdir. Layihənin gələcəkdə genişləndirilməsi və digər ölkələrdə, o cümlədən Azərbaycanda oxşar təşəbbüsün tətbiqi məsələsi də gündəmə gəlir.
Təhsil eksperti Elçin Əfəndi Manset.az-a açıqlamasında bildirib ki, tədris prosesinə yeni başlayan şagirdin prosesə adaptasiyası üçün burada valideyninin iştirakı olduqca önəmlidir:

“Qardaş ölkədə tətbiq olunan bu yeni sistem, əlbəttə ki, hələlik pilot layihə olaraq dəyərləndirilir. Təbii ki, müsbət effekt verərsə, sonrakı illərdə bu qərarın tətbiq dairəsi daha da genişləndiriləcək.
Şagird tədris prosesinə yeni başlayırsa, burada daha çox valideyn bağlılığı amilindən irəli gələrək, onun dərsə, ümumilikdə tədris prosesinə adaptasiya olana qədər valideynin prosesdə iştirakı vacib və əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən iş yerlərindən ən azı 3 saatlıq icazə verilməsi, düşünürəm ki, müsbət yanaşmadır”.
Ekspert qeyd edib ki, Azərbaycanda bununla bağlı xüsusi rəsmi qərarlar olmasa da, bu məsələdə şagird və valideynlər nəzərə alınaraq həm təhsil müəssisələri, həm də müəyyən iş yerləri tərəfindən müəyyən humanist güzəştlər tətbiq olunur:
“Bizdə də təcrübədə belə hallara rast gəlinir. Bəzi hallarda rəsmi qaydada qəbul edilmiş qərar olmasa da, məsələn, uşaq narahatdır, dərsə otura bilmir və ya valideyn onun yanında olmaq istəyir. Bu zaman valideynə iş yerlərindən müəyyən imkan yaradılır. Amma bunu konkret olaraq rəsmi qaydada, yəni qanunvericiliyin tələbi kimi tətbiq etmək hələlik bizdə nəzərdə tutulmur. Ola bilər ki, qarşıdakı illərdə belə bir vəziyyətin nəticələri daha aydın görünsün. Əgər müşahidə etsək ki, uşaqların əksəriyyətində valideynin iştirakına ehtiyac yaranır, təbii ki, Azərbaycanda da belə bir qərar qəbul oluna bilər. Amma düşünürəm ki, burada valideyn bağlılığını çalışmalıyıq ki, tədris prosesində, xüsusilə də ibtidai təhsil pilləsində minimuma endirək. Söhbət tədris prosesində iştirakdan gedir, yəni məşğələ daxilində valideynin iştirakı nəzərdə tutulur.
Belə olan halda, bu, şagirdin yaşına və təhsil səviyyəsinə uyğun şəkildə formalaşa bilər. Yalnız istisna olaraq, valideyn müdaxiləsinə ehtiyac yarandığı zaman valideyn iştirakçı ola bilər”, - deyə E.Əfəndi fikirlərinə əlavə edib.
Fidan Vəlisoy