Gəncə şəhərində yerləşən keçmiş “Metallurq” stadionunun hazırkı vəziyyəti ilə bağlı narazılıq ifadə olunub.
Manset.az xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov stadionun bugünkü durumuna diqqət çəkərək ərazinin vaxtilə bölgənin ən böyük idman mərkəzlərindən biri olduğunu bildirib.

O, stadionun Gəncə sakinləri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bütün uşaqlığım həmin stadionda keçib. Bu idman mərkəzinin Gəncə üçün nə qədər böyük əhəmiyyət daşıdığını şəhər sakinlərinin böyük bir hissəsi çox yaxşı bilir”.
Vəkilin sözlərinə görə, vaxtilə burada minlərlə uşaq və gənc idmanla məşğul olub, futbol oynayıb. Lakin hazırda stadionun və ərazinin yararsız vəziyyətə düşdüyü bildirilir.
Ceyhun Yusifov ərazinin gələcək taleyi ilə bağlı narahatlığını da ifadə edib. Onun sözlərinə görə, “hektarlarla ərazisi olan bu böyük idman mərkəzinin əvvəlcə fəaliyyətsiz vəziyyətə gətirilməsi, daha sonra isə ərazisinin başqa məqsədlərlə istifadəsi üçün şərait yaradılıb”.
O, stadion ərazisində əvvəllər geniş yaşıllıq sahələrinin olduğunu da qeyd edib:
“Bu mərkəzdə təxminən bir əsrə yaxın yaşı olan yaşıllıq zolağı mövcud idi. Burada qalın meşə massivi var idi. Bu gün isə həmin yaşıllıqdan, demək olar ki, əllə sayılacaq qədər az sayda ağac salamat qalıb”.
Vəkil Gəncədə uşaqların və gənclərin idmana cəlb olunmasının vacibliyini vurğulayaraq stadionun yenidən şəhər sakinlərinin istifadəsinə qaytarılmasının mümkünlüyünü qeyd edib.
Ceyhun Yusifov həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarova və gənclər və idman naziri Fərid Qayıbova müraciət edib:
“Göz görə-görə həmin stadionun və onun ərazisinin tikinti sahəsinə, xüsusilə də göydələnlərin inşası üçün istifadə olunan əraziyə çevrilməsinə imkan verməyin”.
Vəkil stadionun özəlləşdirilməsi məsələsinə yenidən baxılmasının mümkün olduğunu bildirərək ərazinin Gəncə sakinlərinə qaytarılmasına çağırış edib.
“Bu ərazi sadəcə hektarlarla torpaq sahəsi deyil. Bura Gəncənin tarixidir, uşaqlığımızdır, xatirələrimizdir, Azərbaycan futbolunun bir parçasıdır”, – deyə Ceyhun Yusifov vurğulayıb.
O, yazısının sonunda aidiyyəti şəxslərə xəbərdarlıq xarakterli müraciət də edib:
“Bu stadionun taleyinə bu gün sahib çıxılmasa, sabah çox gec ola bilər. Sonra deməyin ki, xəbərimiz olmayıb”.
Manşet.az