Azərbaycanın taleyini dəyişən tarix

11:06 - 15 İyun 2025

Azərbaycanın taleyini dəyişən tarix

Xalqımız bu gün tariximizin yaddaşına qızıl hərflərlə yazılmış iki böyük hadisəni– 15 İyun Milli Qurtuluş Gününü və 15 İyun Şuşa Bəyannaməsinin imzalandığı günü qeyd edir. Bu iki mühüm tarixi an – biri dövlətimizin xilasının, digəri isə qüdrətinin, siyasi müstəqilliyinin və Türkiyə ilə qardaşlığının və  müttəfiqliyinin simvoludur. 


Bunu Manset.az-a açıqlamasında deputat Azay Quliyev deyib.

O bildirib ki, məlum olduğu kimi, 1993-cü ilin bu günü Azərbaycan xalqı bir dövlət kimi dağılmaq təhlükəsi qarşısında qalmışdı:

"AXC-Musavat iqtidarının xəyanəti və səbatsızlığı nəticəsində  ölkədə xaos, anarxiya, hakimiyyət böhranı, parçalanma və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə bir ağır məqamda xalq öz müdrik seçimini etdi, Ümummilli Lider Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. 

Bu çağırış yalnız siyasi bir qərar deyildi, bu, xalqın içindən gələn ümidin, qurtuluş istəyinin səsi idi. Həqiqətən də əgər Heydər Əliyev olmasaydı, Azərbaycan ən yaxşı halda Suriyanın və Əfqanıstanın taleyini yaşayacaqdı".

A.Quliyev qeyd edib ki, Ulu Öndərə qarşı terror, sui-qəsd və silahlı hakimiyyət çevrilişi cəhdlərinə baxmayaraq, Heydər Əliyevin qətiyyəti, dəmir iradəsi və dövlətçilik zəkası hesabına Azərbaycan bu bəladan qurtuldu və müstəqil dövlət quruculuğu dövrünə qədəm qoydu:

"Sabitlik bərpa olundu, ordu quruculuğuna start verildi, iqtisadiyyatda islahatlar başlandı və ən əsası, xalqla dövlət arasında itirilmiş inam körpüsü yenidən bərpa edildi. 

O dövrdən 32 il keçməsinə rəğmən bir daha əmin olursan ki, Qurtuluş  keçmişin faciəsini unutmamaq, tarixdən dərs almaq və gələcəyin uğurunu düşünmək,  dövlətçiliyi qorumağın müqəddəs borc olduğunu dərk etmək deməkdir. 

Bu gün Ulu Öndərin siyasi yolunu onun layiqli varisi Prezident İlham Əliyev böyük uğurla və cəsarətlə davam etdirir. 2020-ci ildə qazanılan tarixi Zəfər Azərbaycan xalqının  birliyinin, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsinin zəfəri idi.

Bu Zəfərin məntiqi davamı kimi, 2021-ci ilin 15 iyununda, simvolik olaraq Qurtuluş Günündə, Şuşada Azərbaycan-Türkiyə Müttəfiqlik Bəyannaməsi imzalandı. Şuşa xalqımız üçün sadəcə coğrafi məkan deyil, Şuşa  tarixdir,  milli ruhdur, mədəniyyətimizin tacıdır, qələbəmizin möhürüdür. Bu müqəddəs məkanda imzalanan sənəd sadəcə beynəlxalq hüquqi akt deyildi, bu, əsrlərin sınağından çıxmış qardaşlığın gələcəyə ünvanlanan strateji yol xəritəsi idi. 

Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan tək deyil, onun yanında güclü, etibarlı və sarsılmaz müttəfiqi Türkiyə  var. Bu sənəd, eyni zamanda regionda yeni geosiyasi düzənin və təhlükəsizlk arxirekturasının  əsasını qoydu. Xüsusilə, bugünlərdə coğrafiyamızda yaşananlar Şuşa Bəyannaməsinin nə qədər vacib və vaxtında imzalanan bir sənəd olduğunu bir daha təsdiqləyir.

Azərbaycan bu gün təkcə öz uğurları ilə deyil, yaratdığı siyasi, diplomatik və iqtisadi reallıqlarla da beynəlxalq münasibətlərin fəal və etibarlı oyunçusuna çevrilib.

Qurtuluşdan Zəfərə, Zəfərdən Şuşaya aparan yol  millətimizin əzmini, dövlətimizin gücünü və Liderimizin sarsılmaz iradəsini sübut edən şanlı yoldur. 

Biz bu yolu ləyaqətlə qorumalı, gələcək nəsillərə daha güclü, daha firavan Azərbaycanı miras qoymalıyıq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az