Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı cəmiyyətin gündəmini sərt tənqid edib.
Manset.az-ın məlumatına görə, komitə sədri çıxışında qeyd edib ki, müasir ordu yalnız savadlı mütəxəssislərlə qurula bilər və bunun üçün güclü təhsil və universitet sistemi vacibdir:
"Ordunun əsas bazası savadlı insanlardan ibarət olmalıdır. Təəssüf ki, bu gün bizdə ən çox müzakirə olunan məsələlər yasda ‘ehsan verək, yoxsa verməyək’, ‘məktəbə uşaqları daşımaq üçün avtomobil olacaq, ya olmayacaq’ suallarıdır.”
Fazil Mustafa həmçinin, peşə məktəblərinə marağın az olmasını, televiziya ekranlarında elm adamları əvəzinə müğənnilərin debatlarda üstünlük təşkil etməsini də tənqid edib:
"Dünyanın məşğul olduğu məsələlərdən çox geri qalmışıq. Televiziyalarda xanım müğənnilərin kulturoloji debatları gedir, elm adamlarının debatlarına isə nadir hallarda rast gəlirik.”
Deputat əlavə edib ki, informasiya-kommunikasiya texnologiyalarında üstünlük qazananlar gələcəyin qalibləri olacaq:
"Elmi-kütləvi ədəbiyyatların tərcüməsi və nəşrinə diqqət ayrılmalıdır. Bu sahədə çalışan insanlara maddi dəstək verilməlidir. Ali Attestasiya Komissiyasında dissertasiya müdafiələrinin 90 faizi humanitar və filologiya sahəsindədir, təbiət elmlərinə maraq isə azdır. Bu sahəyə xüsusi diqqət yetirməliyik".