QHT-lərlə bağlı qanun dəyişiklikləri – Yeni cərimələr gəlir

13:32 - 24 İyun 2025

QHT-lərlə bağlı qanun dəyişiklikləri – Yeni cərimələr gəlir

"Məlum olduğu kimi, Azərbaycanda QHT sektorunun sərbəst və şəffaf fəaliyyəti üçün hər cür şərait yaradılıb və QHT-lərin ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri daim dövlət tərəfindən dəstəklənir. Dövlət QHT-ləri dəstəkləməklə yanaşı onların fəaliyyətinin şəffaf və milli maraqlara uyğun qurulması üçün qanunvericilik bazasının təkmilləşdirilməsində də maraqlıdır".


Manset.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisdə QHT-lər haqqında qanuna təklif olunan dəyişiklik barədə çxışı zamanı  deyib. O qeyd edib ki, müzakirə edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklərdə bu məqsədə xidmət edir:

"Belə ki, dəyişikliyə əsasən qeydiyyata alınmayan xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması bütün subyektlərə (o cümlədən belə əməliyyatlar aparan banklara və digər ödəniş xidməti təchizatçılar) qadağan edilir. Əslinə baxanda bu müddəa yeni deyil, belə ki, 2015-ci ildə 337 saylı qərarla Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarda xarici maliyyə mənbələri hesabına həyata keçirilən xidməti müqavilələrlə bağlı bu tələb var, lakin indiyə kimi bu tələbləri pozanlara qarşı inzibati məsuliyyət müəyyən edilməmişdir. İndi isə bu müddəa QHT qanunvericiliyinə gətirilir, həm də İnzibati Xətalar Məcəlləsinə yeni 432-1 maddə əlavə olunur ki, bu maddəyə əsasən qeyd olunan tələbləri pozan vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq ediləcək.Hesab edirəm ki, təklif olunan dəyişiklik üç səbəbdən xüsusi əhəmiyyət daşıyır.

1. Xarici mənbədən daxil olan vəsaitlərin qeydiyyata alınması bu vəsaitlər üzrə aparılan bütün fəaliyyətin aşkarlığını, şəffaflığını və hesabatlığını təmin edəcək.

2. Xarici qüvvələrin xidməti müqavilə adı altında milli maraqlarımıza və milli təhlükəsizliyimizə qarşı QHT-lərdən istifadə etməsinin qarşısı daha effektiv şəkildə alınacaq.

3. QHT-lərin özlərinin gələcəkdə bu kimi risklərdən müdafiə olunması üçün mövcud mexanizmi qanunvericilik səviyyəsində daha da möhkəmləndiriləcək. Bununla yanaşı, qanun layihəsi daha təkmil olması və qarşıya qoyulan məqsədə tam nail olunması üçün iki təklifi diqqətinizə çatdırmaq istərdim. Hazırda QHT haqqında qanunun qüvvədə olan 24-2.1. maddəsində bu Qanunun 24.0.3-cü maddsəinə istinadən xarici maliyyə mənbələri hesabına yalnız xidmətlərin göstərilməsi və işlərin görülməsi haqqında müqavilənin qeydiyyatı tələbi var.İndi isə təklif olunur ki, qeydiyyata alınmamış müqavilə üzrə bank əməliyyatları aparıla bilməz. Lakin nə mövcud mətndə, nə də onun məntiqi davamı olaraq irəli sürülən yeni təklifdə malların satışı üzrə müqavilənin qeydiyyatı tələbi yoxdur. Baxmayaraq ki, istinad olunan QHT haqqında qanunun 24.0.3-cü maddəsində “malların satışı” ifadəsi də yer alıb.Hesab edirəm ki, ən müxtəlif yollarla Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən xarici qüvvələr asanlıqla bu boşluqdan istifadə edərək “mal satışı” adı altında istədiyi məbləğdə vəsaiti təsir dairəsində olan QHT-lərə ötürə bilər".

Millət vəkili onu da bildirib ki, əgər QHT bu cür xidmət üzrə müqaviləni qeydiyyatdan keçirməsə, ona heç bir bir irad bildirmək mümkün olmayacaq, çünki qanunda malların satışı üzrə müqavilənin qeydiyyatı tələbi yoxdur:

"Ona görə də xaricdən istənilən fəaliyyət üzrə QHT-lərə daxil olan vəsait istisnasız olaraq qeydə alınmalı, bu vəsaitlərin xərclənməsinin şəffaflığı təmin olunmalı və sui-istifadələr üçün heç bir hüquqi boşluğa yol verilməməlidir.İkinci təklifim isə ondan ibarətdir ki, həm mövcud, həm də təklif olunan mətnə “xarici maliyyə mənbələri” ilə yanaşı “xarici sifarişçi” sözünü də əlavə edək. Çünki praktikada bəzi fəaliyyət “xarici maliyyə mənbələri” anlayışından kənara çıxır. Misal üçün deyək ki, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir MMC xaricdən aldığı vəsaitı müxtəlif məqsəd və maraqlar naminə xidməti müqavilə ilə QHT-yə ötürür. Onda bu xidmətin xarici maliyyə mənbələri hesabına həyata keçirildiyini müəyyən etmək və qeydiyyata salmaq çətin olacaq. Çünki, MMC maliyyənin xaricdən gəldiyini göstərməsə, QHT qeydiyyat öhdəliyi daşımır. Ancaq layihəyə həm də “xarici sifarişçi” sözü əlavə etsək o zaman QHT bu qaydalara əməl etməli olacaq və şəffaflıq təmin ediləcək. Bununla yanaşı, Mülki Məcəllədə müvafiq dəyişiklik edilərək subpodratçı müqavilə imzalandığı təqdirdə MMC-lərə öhdəlik qoyulsun ki, əgər vəsait xaricdən daxil olubsa onu mənbəyini icraçıya bildirsin. Sonda isə bir daha qeyd etmək istərdim ki, müzakirə olunan qanun layihəsi QHT-lər üçün heç bir məhdudiyyət yaratmır, əksinə, onların cəmiyyət və dövlət qarşısında daha məsuliyyətli olmaları və şəffaf fəaliyyət göstərmələri üçün mövcud mexanizmiləri daha da təkmilləşdirir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az