Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:
"Əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək", - deyə XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.