Sabah Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.
Manset.az Report-a istinadən xəbər verir ki, proses yerli vaxtla saat 11:00-a təyin olunub.
Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.
Xatırladaq ki, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb kimi 2001-ci ildə törədilmiş cinayət işi göstərilir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğundan indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı vurğulanıb.
Bu arada Rusiya mətbuatında azərbaycanlılara qarşı keçirilən əməliyyat zamanı Sverdlovsk vilayətində Azərbaycan diasporunun sədri Şahin Şıxlınskinin də saxlanıldığı bildirilirdi. Diaspor sədri isə açıqlamasında məlumatın yalan olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də Yekaterinburq şəhərində azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb.