San Marino İpək Yolu Qrupuna üzv qəbul edldi

19:19 - 29 İyun 2025

San Marino İpək Yolu Qrupuna üzv qəbul edldi

Bu gün Portuqaliyanın Porto şəhərində ATƏT Parlament Assambleyasının (PA) 32-ci illik sessiyası çərçivəsində İpək Yolu Qrupunun 14-cü iclası keçirilib.


Manset.az xəbər verir ki, iclası giriş sözü ilə açan  İpək Yolu Qrupunun rəhbəri, ATƏT PA-nın Komitə sədri Azay Quliyevin  üzv ölkələrin göstərdiyi yüksək marağı və verdikləri dəyərli töhfələri alqışlayaraq onlara təşəkkürünü bildirib.

Gündəlik təsdiqləndikdən sonra çıxış edən ATƏT PA-nın Prezidenti xanım Pia Kauma, İpək Yolu Qrupunun Assambleyanın ikinci ölçüsünü gücləndirən, inklüziv və şəffaf fəaliyyət göstərən əsas platformalardan birinə çevrildiyini vurğulayıb.

ATƏT PA-nın Baş katibi cənab Roberto Montella isə çıxışında Qrupun təşkilata yeni ideyalar qazandırmaq, dövlətləri ortaq maraqlar ətrafında birləşdirmək baxımından uğurlu model olduğunu bildirib və bu platformadan əldə olunan faydanı yüksək qiymətləndirib.

İclas zamanı San Marinonun İpək Yolu Qrupuna üzvlük müraciəti müzakirəyə çıxarılıb. San Marino nümayəndə heyətinin rəhbəri Oskar Mina ölkəsinin qrupa olan böyük marağını ifadə edərək, rəsmi şəkildə üzvlük istəklərini bəyan edib. Müzakirələrin ardından məsələ səsverməyə qoyulub və yekdilliklə dəstəklənərək San Marino İpək Yolu Qrupunun 28-ci üzvü olub.

İclasda 2025-ci ilin may ayında Monteneqroda keçirilmiş 5-ci Beynəlxalq Konfransın nəticələrinə dair Monteneqro tərəfinin hesabatı dinlənilib və qəbul edilən qərarlar müzakirə olunub.

Həmçinin 2026-cı ilin yanvar ayında İpək Yolu Qrupu ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) birgə tədbirinin keçirilməsi təklifi gündəmə gəlib. QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev tədbirin İstanbulda və ya təşkilata üzv digər ölkələrdən birində keçirilməsini təklif edib. Gürcüstan nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze isə ölkəsinin bu tədbirə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Daha sonra İpək Yolu Qrupunun 6-cı Beynəlxalq Konfransının keçirilməsi məsələsinə baxılıb. San Marino nümayəndə heyətinin rəhbəri Oskar Mina bu tədbiri 2026-cı ilin may ayında ölkəsində keçirmək istədiyini qeyd edib və tədbirin əsas mövzusunun dezinformasiya və yalan xəbərlərlə mübarizəyə həsr olunmasını təklif edib.

Özbəkistan nümayəndə heyətinin rəhbəri  Sadiq Safayev isə alternativ olaraq konfransın Səmərqənddə keçirilməsini və mövzu kimi beynəlxalq nəqliyyat məsələlərinin seçilməsini irəli sürüb.

Sonda çıxış edən Azay Quliyev, İpək Yolu Qrupunun tədbirlərinə ev sahibliyi etmək istəyən ölkələrin artmasının qrupun nüfuzunun göstəricisi olduğunu vurğulayıb və QDİƏT PA-ya, Gürcüstana, San Marinoya və Özbəkistana təşəkkürünü bildirib.

Qərara alınıb ki, təqdim olunan bütün təkliflər diqqətlə dəyərləndiriləcək və üzv ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra yekun qərar ATƏT PA-nın bu ilin 17–19 noyabr tarixlərində İstanbulda keçiriləcək payız sessiyasında elan ediləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az