- "1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. 1930-cu ilin avqustun 8-də isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olunub və onun mərkəzi Laçın şəhəri müəyyənləşdirilib. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə, 34 min hektar zəngin meşə massivinə malikdir. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdi. Nəticədə rayon əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğal dövründə 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə təsərrüfat və tarixi abidələr məhv edildi. Ermənistan işğalçılıq siyasətini davam etdirərək Laçının təbii sərvətlərini taladı, coğrafi adları dəyişdirdi və burada qeyri-qanuni məskunlaşma həyata keçirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbədən sonra 2020-ci ilin 1 dekabrında Laçın rayonu azad olundu. Daha sonra 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust rəsmi olaraq “Laçın şəhəri günü” kimi qeyd olunur".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyev Laçın şəhərində laçınlılarla görüşdə qeyd etdi ki: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur”:
"Bu gün
Laçın şəhəri və rayonu genişmiqyaslı quruculuq işlərinin mərkəzinə çevrilib. Ümumilikdə Laçın
rayonunda 9 su elektrik
stansiyası fəaliyyət göstərəcək. Onların ümumi generasiya gücü 65,5 MVt,
illik elektrik enerjisi istehsal potensialı isə 194 milyon kilovat-saat təşkil edir. Bu, həm
regionun, həm də ümumilikdə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə
mühüm töhfədir. 2021-ci
ildə Laçın rayonunda 8
MVt gücündə Güləbird Su Elektrik Stansiyası işə salınıb.
Stansiya 7000 nəfərə yaxın əhalinin elektrik enerjisi ilə təmin olunmasına xidmət
edir və Qubadlı rayonunun Xanlıq kəndini, Laçının cənub hissəsini və digər
infrastruktur obyektlərini enerji ilə təchiz edir. Hoçaz çayı üzərində yerləşən
və işğal dövründə tamamilə dağıdılmış “Ağbulaq”,
“Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları tam bərpa
edilib. 2025-ci il mayın
27-də isə “Aşağı
Malıbəyli” və “Mirik” su elektrik stansiyaları istifadəyə
verilib. Hər iki stansiya Zabux çayı üzərində müasir avadanlıqlarla inşa
edilib, optik kabel xətləri çəkilərək SCADA
sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik”
SES-lərdə ildə 20 milyon
kVt-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu, ildə 4,3 milyon kubmetr təbii qaza qənaət
edilməsi deməkdir. Həmçinin, hər il 8
min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Laçın rayonunda bərpa olunan enerji potensialı yalnız iqtisadi səmərəlilik
deyil, həm də ekoloji təhlükəsizliyə,
“yaşıl enerji” strategiyasına və regionun sosial-iqtisadi inkişafına böyük töhfə
verir.
İşğaldan azad olunmuş ərazilərdə
aparılan nəhəng quruculuq işlərinin bariz nümunələrindən biri də Laçın Beynəlxalq
Hava Limanının inşasıdır. Bu möhtəşəm infrastruktur layihəsi təkcə bölgənin
beynəlxalq statusunu yüksəltmir, həm də azad edilmiş torpaqlarda həyata keçirilən
abadlıq və yenidənqurma işlərinin miqyasını aydın şəkildə nümayiş etdirir. Təməli
2021-ci ildə qoyulan hava limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Laçın
hava limanı strateji baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Hava limanı gələcəkdə
Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının inkişafında da mühüm rol
oynayacaq, bölgəni beynəlxalq turizm xəritəsində xüsusi mövqeyə çıxaracaq".
Deputat qeyd edib ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır:
"Şəhərin baş planı həm müasir urbanistik yanaşmalar, həm də Laçının tarixi-mədəni irsini nəzərə alan prinsiplər üzərində qurulub. Bu plan çərçivəsində təbii yaşıllıqlarla əhatələnmiş ərazilərdə insanın rahat yaşayışı üçün əlverişli mühit formalaşdırılır. Baş plana əsasən, Laçının tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma sahəsində fərdi həyət evlərinə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış massivlərində müasir tələblərə uyğun çoxmənzilli binaların inşası nəzərdə tutulub. Şəhərdə həm ənənəvi yaşayış forması, həm də müasir şəhər həyatı vəhdət təşkil edəcək. Laçında aparılan quruculuq işləri təkcə bərpa deyil, həm də müasir şəhərsalma nümunəsinin yaradılması deməkdir. Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davamlı inkişaf konsepsiyasının tərkib hissəsi kimi strateji əhəmiyyət daşıyır.
2023-cü ildən etibarən laçınlıların
doğma yurda qayıdışı başlayıb. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə
qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında
bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait
yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın
şəhərində 571 ailənin və ya 2091 nəfərin, Zabux kəndində 217 ailənin və ya 823
nəfərin, Sus kəndində 59 ailənin və ya 215 nəfərin, Bəylik kəndində 89 ailənin
və ya 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu gün Laçın dirçəliş və yeni
inkişaf dövrünü yaşayır. Laçın Azərbaycanın mədəniyyət, sənaye, turizm və
enerji mərkəzlərindən birinə çevrilir. 26 avqust – Laçın şəhəri günü təkcə bir
tarix deyil, həm də xalqımızın qələbəsinin, əzminin, dövlətimizin gücünün
təntənəsidir".