“Azərbaycan özünün xarici siyasətində milli maraqlarını təmin etmək üçün nə qədər diplomatik vasitələrdən istifadə edirsə, xarici siyasət kursu düzgün müəyyənləşdirilirsə, bir o qədər də xarici siyasətimizin və diplomatiyamızın mühüm komponentlərindən olan humanitar diplomatiyaya böyük əhəmiyyət verir”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Mədəni və humanitar məsələlər dünya siyasətinin bir parçasıdır. Ayrılıqda götürüldükdə hər nə qədər mədəniyyət, mənəviyyat, humanitar dəyərlər siyasi kateqoriyaya daxil edilməsə də, real siyasi münasibətlərin alt qatlarını təşkil edir və onu möhkəmləndirir. Məhz bu kontekstdə biz Azərbaycanın xarici siyasətini nəzərdən keçirsək, önümüzə Azərbaycanın vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti çıxır. Bu fəaliyyət uzun illərə, uzunmüddətli təcrübəyə söykənən fəaliyyətdir. Biz bilirik ki, 2000-ci illərin əvvəllərindən davam edən bu fəaliyyət həm Azərbaycan mədəniyyətinin humanitar dəyərlərinin, mənəviyyatının dünyaya çatdırılmasında böyük rol oynayıb, həm də müxtəlif ölkələrə edilən səfərlər, edilən yardımlar ikitərəfli münasibətlərdə, beynəlxalq təşkilatlarla münasibətlərdə sosial sement rolunu oynayıb. Bu gün də bu siyasət davam edir.
Deputat bildirib ki, birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfərini də məhz bu konteksdə qiymətləndirməliyik.
“Vatikan dünyanın ən kiçik ölkələrindən biridir. Amma dünya siyasətinə təsir etmə etibarilə xüsusilə də, mədəni və humanitar sahədə ən təsirli ölkələrdəndir. Ona görə də düşünürəm ki, Mehriban xanımın Vatikana səfər etməsi xüsusi hadisədir. Bu sivilizasiyaların əməkdaşlığına xidmət edən hadisədir və Azərbaycan Respublikası Mehriban Əliyevanın timsalında sivilizasiyaların dialoqu kontekstində yeni və çox lazımlı bir nümunə yaradır”.
Fidan Vəlisoy