İƏT İranın Naxçıvana dron hücumlarını pislədi

23:26 - 05 Mart 2026

İƏT İranın Naxçıvana dron hücumlarını pislədi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını kəskin şəkildə pisləyib.


Manset.az xəbər verir ki, bu barədə İƏT-in bəyanatında bildirilib.

"Baş Katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir, bu Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Baş Katiblik Azərbaycanla tam həmrəyliyini təsdiqləyir və suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındadır", - məlumatda bildirilib.

Baş Katiblik həmçinin gərginliyin artmasına və regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək bu cür təxribat xarakterli hərəkətlərin dərhal dayandırılmasına çağırıb.

Təşkilat vurğulayıb ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur və mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az