Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana etdiyi dövlət səfərinin strateji əhəmiyyətini və geosiyasi nəticələrini üç əsas istiqamət üzrə- birinci, Azərbaycan–Özbəkistan ikitərəfli münasibətlərinə təsiri, ikinci, Türk dünyasına və Türk Dövlətləri Təşkilatına təsiri və üçüncü, Avrasiya məkanına təsiri baxımından dəyərləndirib.
Manset.az xəbər verir ki, o, ilk növbədə, səfərin Azərbaycan–Özbəkistan ikitərəfli münasibətlərinə təsiri barədə danışıb.
"Heç şübhəsiz ki, səfər ikitərəfli münasibətlər baxımından tarixi hadfisələrlə zəngin oldu. Səfər çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında mövcud olan strateji və müttəfiqlik münasibətləri müasir diplomatiya və dövlətlərarası münasibətlər tarixində mümkün olan ən yüksək siyasi səviyyəyə yüksəldildi. Bunun mühüm siyasi və hüquqi göstəricilərindən biri kimi “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasını xüsusi qeyd etmək lazımdır.
Bu müqavilənin iki il əvvəl 23 avqust 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında sazişin ildönümünə təsadüf etməsi də özlüyündə diqqəti cəlb edir. Sual oluna bilər ki, onsuz da Müttəfiqlik münasibətləri haqqında saziş imzalanmışdı, əbədi dostluq haqqında müqaviləyə nə ehtiyac vardı, orada olan müddəaaların bəziləri burda da təkrarlanır. Bu sualın cavabı yeni imzalanmış müqavilənin “əbədi dostluq” haqqında olmasındadır. Müqavilənin məhz “Əbədi dostluq haqqında Müqavilə” adlandırılması isə ilk növbədə Azərbaycan və Özbəkistan xalqlarına, eyni zamanda gələcək nəsillərə ünvanlanmış uzunmüddətli və strateji xarakter daşıyan mühüm siyasi ismarışdır.
Sadə dillə desək, Azərbaycan və Özbəkistan Prezidentləri bu sənədi imzalamaqla iki dövlət və iki xalq arasında mövcud olan dostluq və qardaşlığın əbədiyyən qorunub saxlanılması və daha da inkişaf etdirilməsi üçün hüquqi, siyasi və mənəvi əsasları əhəmiyyətli dərəcədə möhkəmləndirdilər. Burada söhbət yalnız bugünkü siyasi münasibətlərdən deyil, gələcək onillikləri əhatə edən dövlətlərarası münasibətlər modelinin formalaşdırılmasından gedir.
Müqavilənin müddəalarına nəzər saldıqda da bu yanaşmanı aydın şəkildə görmək mümkündür. Məsələn, sənədin 3-cü maddəsində tərəflər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini, eləcə də xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsasların möhkəmləndirilməsini öhdəlik kimi müəyyən edirlər. 5-ci maddədə isə iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan və özbək dillərinin qarşılıqlı öyrənilməsi, elm və təhsil müəssisələri arasında, habelə şəhərlər və regionlar arasında tərəfdaşlıq münasibətlərinin qurulması, turizmin qarşılıqlı inkişaf etdirilməsi və vətəndaşların bir-birini daha yaxından tanıması prioritet istiqamətlər kimi müəyyən edilir.Bu, çox vacib məqamdır. Çünki xalqlar arasında dostluğun davamlı və dayanıqlı olmasının ən mühüm təminatlarından biri onların bir-birini daha yaxından tanıması, qarşılıqlı səfərlərin artması, bir-birinin tarixini, mədəniyyətini, dilini və mətbəxini öyrənməsi, eyni zamanda müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsidir. Başqa sözlə, əbədi dostluq təkcə siyasi liderlərin iradəsi ilə deyil, xalqlar arasında formalaşan davamlı humanitar və sosial əlaqələrlə möhkəmlənir.
Belə fundamental siyasi sənədin imzalanması isə, heç şübhəsiz, ilk növbədə iki dövlət başçısı arasında formalaşmış yüksək səviyyəli şəxsi münasibətlərin, qarşılıqlı inam və etimadın, ən başlıcası, Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji xarakter daşımasına dair güclü siyasi iradənin nəticəsidir.
Təsadüfi deyil ki, cənab İlham Əliyev Daşkənddə verdiyi bəyanatda qeyd etdi ki, sitat: “Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır”.
Bu səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi istiqamətində də ciddi addımlar atıldı. Azərbaycan bankının Özbəkistan bazarına həmçinin, SOCAR-ın qardaş ölkənin pərakəndə satış bazarına daxil olması, neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə müsbət nəticələrin əldə olunması, 500 milyon dollarlıq birgə investisiya fondunun konkret layihələrin maliyyələşməsinə yönəldilməsi iki ölkə arasında yeni iqrisadi mərhələnin başlandığından xəbər verir. Məhz bu siyasi iradə iki ölkə arasında münasibətləri sadəcə müttəfiqlik səviyyəsində deyil, gələcək nəsillər üçün uzunmüddətli və institusional əsaslara söykənən dostluq və qardaşlıq modelinin reallaşdırıldığını göstərir.
Digər bir mühüm məqam avqustun 23-də hər iki ölkənin Prezidentləri tərəfindən Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyulması, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Yeni Daşkənd” ərazisində 40 hektar sahədə yeni binasının açılışının edilməsidir. Təqdirə layiq haldır ki, Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin məzunlarının 20 faizinin Daşkənddəki Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetə qəbul olunub.
Səfər çərçivəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci xanım hörmətli Mehriban xanım Əliyevanın Buxara şəhərində Özbəkistanın tarixi və dövlətçilik abidələrini ziyarər etmələri qardaş ölkənin mədəniyyətinə və tarixinə göstərilən dərin hörmət çox kimi dəyərlidir.
Nəhayət, Əbədi dostluq haqqında müqavilənin qüvvədə olması ilə bağlı vaxt çərçivəsinin müəyyən edilməməsi, yəni 11-ci maddəyə əsasən qeyri-müəyyən müddətə bağlanılması da xüsusi, həm də simvolik məna daşıyır.
İkincisi, səfərin əhəmiyyətini və əldə olunan nəticələri Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri baxımından dəyərləndirmək lazımdır.
Heç şübhəsiz ki, bu səfər Türk dövlətləri arasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə, Türk Dövlətləri Təşkilatının (TDT) institusional və siyasi baxımdan güclənməsinə, onun Avrasiyanın təhlükəsizlik arxitekturasında və ümumilikdə qlobal geosiyasi sistemdə mühüm güc mərkəzlərindən birinə çevrilməsi istiqamətində öz töhfəsini verəcək.
Daşkənddə nümayiş etdirilən Azərbaycan–Özbəkistan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri, eləcə də bu münasibətlərin üzərində qurulan əməkdaşlıq modeli, şübhəsiz ki, digər qardaş dövlətlər arasında münasibətlərə də təsir göstərəcək və müəyyən mənada nümunə rolunu oynayacaq.
Bu baxımdan, TDT çərçivəsində iqtisadi, siyasi, hüquqi, eləcə də kifayət qədər açıq şəkildə gündəmə gətirilməsə də, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın mərhələli şəkildə dərinləşdirilməsi təşkilatın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu proses uzunmüddətli perspektivdə Türk Dövlətləri Təşkilatının daha sıx inteqrasiya olunmuş, ortaq maraqlar və institusional mexanizmlər əsasında fəaliyyət göstərən bir təşkilata çevrilməsinə, hətta Türk dünyasının özünəməxsus “Avropa İttifaqı” modelinə keçməsinə gətirib çıxara bilər.
Bu tarixi prosesin öncüllüyünü isə səmimi və obyektiv şəkildə desək, Azərbaycan və onun lideri Prezident İlham Əliyev həyata keçirir. Baxın, Azərbaycan TDT-yə daxil olan bütün rəsmi üzv dövlətlərlə müttəfiqlik haqqında müqavilələr imzalayıb. Prezident İlham Əliyevin Daşkənddə qeyd etdiyi kimi, dövlətlərarası münasibətlərdə müttəfiqlik haqqında sənəddən daha yüksək siyasi status müəyyən edən sənəd yoxdur. Azərbaycan bu istiqamətdə ilk mühüm addımı qardaş Türkiyə ilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə atdı. Ardınca Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik haqqında müqavilələr imzalandı. Beləliklə, Şuşa Bəyannaməsinin ruhu və əsas strateji istiqamətləri müəyyən fərqlərlə digər qardaş Türk dövlətləri ilə imzalanmış sənədlərdə də öz əksini tapdı. Bu isə nəticə etibarilə TDT daxilində münasibətlərin daha real, konkret və işlək institusional mexanizmlər üzərində qurulması deməkdir. Eyni zamanda, bu proses Azərbaycanın onilliklərə hesablanmış strateji məqsədlərinin və Türk dünyası ilə bağlı uzunmüddətli vizyonunun nə qədər geniş və sistemli olduğunu göstərir.
Əslində, cəmi 5–6 il əvvəl Türk dövlətləri arasında bu səviyyədə siyasi yaxınlaşmanın, müttəfiqlik münasibətlərinin və inteqrasiya proseslərinin bu qədər sürətlə inkişaf edəcəyini təsəvvür belə edə bilməzdik. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər isə Türk dünyasına yeni nəfəs verdi, onun özünəinamını əhəmiyyətli dərəcədə artırdı. Bu qələbə həm də əsrlər boyu müxtəlif imperiyaların siyasi təsiri altında formalaşmış psixoloji baryerlərin, parçalanma və asılılıq stereotiplərinin aradan qaldırılması baxımından mühüm dönüş nöqtəsi oldu.
Burada Zbiqnev Bizejinskinin 1997-ci ildə yazdığı “Böyük Şahmat Taxtası” əsərində çox dəqiqliklə qeydn etdiyi bir fikri xatırlatmaq tam yerinə düşərdi. Bzejinski hələ 30 il əvvəl deyirdi ki, Azərbaycanın müstəqilliyinin qorunması Mərkəzi Asiyanın digər dövlətlərinin müstəqilliyi baxımından çox əhəmiyyətlidir. Çünki Azərbaycan Mərkəzi Asiyanın qərbə açılan əsas qapısıdır, Azərbaycanın güclü və müstəqil olması Rusiyanın iki yüzillik dominantlığına son qoyulması və Mərkəzi Asiyanın Rusiya orbitindən çıxarlması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Rusiyanın nəzarətinə keçərsə, yəni müstəqilliyi məhdudlaşarsa, Mərkəzi Asiya dövlətlərinin müstəqilliyi faktiki olaraq mənasızlaşa bilər. Ona görə Bzejinski haqlı olaraq Azərbaycanı Avrasiyanın “geosiyasi qovşağı” və ya “strateji dayaq nöqtəsi” hesab edirdi.
Məhz, Azərbaycan 2020 -ci ildə Ermənistanın işğalına son qoymaqla ərazilərinin azad etdikdən sonra Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi vəziyyəti və güc balansını tamamilə dəyişdi. Müşahidə etdiyimiz kimi, məhz bundan sonra Mərkəzi Asiya ölkələrində özünəinam güclənməyə, daha müstəqil siyasət yürütməyə, Qərblə daha sürətlə yaxınlaşmağa başladılar. Müharibədən sonra Azərbaycanın haqq işinə dəstəyin simvolu kimi Qarabağa ilk yardımın, yəni Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyaların məhz Özbəkistan tərəfindən həyata keçirilməsi məhz bu reallığın nəticəsində mümkün oldu. Ona görə Mərəzi Asiya ölkələrinin hazırda sərgilədiyi daha cəsarətli və müstəqil siyasətə və Türk Dövlətləri Birliyində müşahidə etdiyimiz sürətli inteqrasiya prosesinə görə Azərbaycana, onun güclü lideri İlham Əliyevə və şanlı ordusuna borcluyuq.
Xüsusilə qeyd etmək lazımdır ki, “Türk dünyası bizim ailəmizdir” deyən Azərbaycan Prezidenti İlham Əliyev yaratdığ yeni geosiyasi vəziyyəti konkret siyasi strategiyaya çevirdi. İlk növbədə TDT üzvü olan bütün dövlətlərlə ikitərəfli müttəfiqlik münasibətlərinin hüquqi və siyasi əsaslarını formalaşdırdı, iqtisadi əməkdaşlığın bazası genişləndirildi və müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional çərçivəsi yaradıldı. Bu, eyni zamanda gələcəkdə həmin əməkdaşlıq modelinin TDT çərçivəsində daha geniş və çoxtərəfli formatda həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bütün bunlar göstərir ki, söhbət artıq yalnız siyasi bəyanatlardan və xoş niyyətlərdən getmir. Türk dövlətləri arasında inteqrasiyanın konkret iqtisadi, siyasi, hüquqi və institusional dayaqları formalaşdırılır.
Prezident İlham Əliyev iki il əvvəl TDT-nin qlobal güc mərkəzlərindən birinə çevrilməli olduğunu bəyan edəndə, əslində, uzunmüddətli strateji hədəfi ortaya qoymuşdu. Bu gün isə biz həmin hədəfin həyata keçirilməsi üçün müəyyən edilmiş yol xəritəsinin necə mərhələli və ardıcıl şəkildə icra olunduğunu görürük. Məhz Prezidentin Özbəkistana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə yüksəldilməsi yalnız iki qardaş ölkənin ikitərəfli münasibətləri baxımından deyil, bütövlükdə, Türk dünyasının siyasi həmrəyliyinin, iqtisadi inteqrasiyasının və strateji çəkisinin artırılması baxımından mühüm hadisədir.
Üçüncüsü, səfərin əhəmiyyətini Avrasiya və qlobal məkanda iqtisadi, ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa gətirdiyi yeni dinamika baxımından dəyərləndirmək lazımdır.
Fikrimcə, səfərin mühüm strateji nəticələrindən biri Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi və geoiqtisadi məkanın formalaşması və bu istiqamətdə dərin inteqrasiya proseslərinə yeni təkan verilməsidir.
Bugünkü mürəkkəb geosiyasi şərait bu məsələnin əhəmiyyətini daha da artırır. Rusiya–Ukrayna müharibəsi fonunda şimal dəhlizinin əvvəlki funksionallığının və cəlbediciliyinin azalması, ABŞ/İsrail-İran müharibəsi, Hörmüz boğazına tətbiq olunan məhdudiyyətlər və davam edən risklər qlobal ticarət və logistika sistemində alternativ marşrutlara ehtiyacı daha da artırır. Məhz belə bir şəraitdə Orta Dəhlizin və onun mühüm komponentlərindən biri olan Zəngəzur dəhlizinin strateji əhəmiyyəti daha çox hiss olunur. Bu baxımdan, Azərbaycan–Özbəkistan əməkdaşlığının əhəmiyyəti iki ölkənin ikitərəfli münasibətləri ilə məhdudlaşmır. Bu əməkdaşlıq Mərkəzi Asiyanın Qafqaz və daha geniş Avrasiya məkanı ilə iqtisadi, nəqliyyat və logistika baxımından daha sıx bağlanmasına xidmət edir. Başqa sözlə, Daşkənddə əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin gələcək inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın Asiya ilə Avropa arasında formalaşan yeni iqtisadi, nəqliyyat və logistika sisteminin əsas bağlantı mərkəzlərindən biri kimi geosiyasi və strateji mövqeyini daha da möhkəmləndirir".