“Cənub Qaz Dəhlizi bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir”.
Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir.
Ölkəmizin hasilatı və ixracı artırmağa müvəffəq olduğunu vurğulayan Prezident deyib: “Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər”.
Prezident İlham Əliyev “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb. Bildirib ki, gələn il onların bəzilərində hasilat başlayacaq və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
“Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, - deyə dövlət başçısı əlavə edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb: “Daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb”.
Dövlət başçısı qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.
“Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.