Vətən müharibəsi başa çatsa da, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam etməkdədir. Daha dəqiq desək, bu dəhlizin açılması indidən bəzi qonşu dövlətlərin, xüsusən İranın narahatlığına səbəb olub. Vəziyyət o yerə çatıb ki, bu narahatlıq artıq rəsmi səviyyədə dilə gətirilməkdədir.
Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə səsləndirilən bəzi fikirlər narahatlığa ciddi əsaslar verir. Dini lider bildirir ki, İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur.

İlk baxışdan belə görünür ki, İran Ermənistanla sərhədin bağlanmasından narahatdır. Ancaq məsələyə daha qlobal müstəvidən baxdıqda aydın görünür ki, cənub qonşumuzu narahat edən digər məqam Türkiyənin Mərkəzi Asiya ilə yeni marşruta sahib olmasıdır. Belə olan halda Türkiyə bu istiqamətdə əsas rəqibi olan İrandan asılılığını azaltmış olur.
Təsadüfi deyil ki, Xamneyi Ermənistanla sərhədlərinin bağlanmasıyla bağlı açıqlamanı Türkiyə prezidenti Ərdoğanla görüşdə və xüsusi vurğuyla ifadə edib.
İndiki halda Ermənistan İran üçün vacib dövlətdirmi? Yaxud Ermənistanla əlaqələr Türkiyə ilə münasibətlərdən daha vacibdirmi? Təbii ki, xeyr. O zaman ortaya sual çıxır ki, İran Ermənistanla sərhədlərin bağlanmasına görə niyə Azərbaycan və Türkiyə ilə münasibətləri sərinlətməyə hazırdır? Yuxarıda qeyd edilən səbəb - Türkiyəni asılı saxlamaq, obrazlı desək, tələyə salmaq variantı işə düşür.
Digər tərəfdən Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyəti də İranı narahat etməyə bilməz. Bu təqdirdə Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınması mümkünlük qazanır.
Sadə dillə desək, Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.
Şübhəsizdir ki, Türkiyənin qlobal gücə çevrilməsi Azərbaycan üçün də vacib əhəmiyyət daşıyır.
Digər tərəfdən Zəngəzur dəhlizi Avrasiya nəqliyyat şəbəkəsinin yeni bir qolu deməkdir. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, uzun illər işğal səbəbilə vacib regional layihələrdən kənarda qalan Ermənistan üçün də faydalı ola bilər.
Deməli, indiki məqamda Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəflərdən biri kimi çıxış edə bilər və etməlidir. Çünki ermənilər Zəngəzur dəhlizinin sadalanan üstünlüklərindən yararlanmaqla, İranla Xamneyinin təbirincə desək, "sərhəd minilliklərin kommunikasiya yolu"ndan qazandığından daha çoxunu əldə edə, iqtisadi blokadadan çıxa bilər. Əks təqdirdə Ermənistanın durumu indikindən daha pis olacaq.
Belə demək mümkünsə, hazırda Ermənistanın da gələcəyi məhz Zəngəzur dəhlizinin açılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu halda ermənilər də acqarına "minilliklərin kommunikasiyası"nı qorumaqdansa, ciddi layihələrdə pay sahibi olmağı düşünməlidirlər. İrana isə sözügedeən dəhlizin açılmasına yalnız xeyir-dua vermək qalır.
Manşet.az