Amerikalı jurnalist erməni yalanlarına uyanlara səsləndi

18:08 - 22 Avqust 2023

Amerikalı jurnalist erməni yalanlarına uyanlara səsləndi

ABŞ-ın //newsblaze.com xəbər portalında Kaliforniya ştatının Qlendeyl şəhərinin separatçı erməni təbliğatının mərkəzinə çevrilməsindən və Azərbaycan həqiqətlərindən bəhs edilib. 

 

Manset.az xəbər verir ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə bildirilir ki, erməni mühacirlərinin çox olduğu Qlendeyl şəhərinin mərkəzində tarixə qovuşmuş münaqişənin əks-sədası hələ də səslənməkdədir. Çünki ermənilər Azərbaycanın Qarabağ bölgəsi “Artsax” adlandırmaqla qonşunu qonşuya, xristianları müsəlmanlara  qarşı qoyub. Bolşevik təcavüzü, Ermənistanın Azərbaycan torpaqlarını qeyri-qanuni işğalı və gərgin etnik xatirələri əsasında idarə olunan erməni əsilli amerikalılar münaqişə ilə bağlı beynəlxalq aləmdə qəbul edilmiş həqiqətə məhəl qoymadan “Artsax” davasının ifrat tərəfdarlarına çevriliblər. Onin fikrincə, Qlendeyl şəhərində ermənilərin avtomagistralı bağlamaqla aksiya keçirməsi sonsuz nifrət və inamsızlığı özündə ehtiva edən, gərgin, qütbləşən mübarizənin bariz əlamətidir.

Ermənilərin apardıqları təbliğatı milyonlarla insanın ölümünə səbəb olan İosif Stalinin və Adolf Hitlerin təbliğatı ilə müqayisə edən müəllif xatırladıb ki, son 30 ildə Ermənistan və ABŞ-dakı erməni lobbisi məhz Azərbaycana qarşı  belə nifrət təbliğatı aparmaqdadır. 

Müəllif ermənilərin XX əsrin əvvəllərindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları törətməsi, Birinici və İkinci Qarabağ savaşları, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməsi, Ermənistanın bu qətnamələrə məhəl qoymaması, Azərbaycan torpaqlarında tarixi, mədəni abidələri, yaşayış məntəqələrinin məhv edilməsi, ölkəmizin yeni ərazilərin işğalına gətirəcək  yeni müharibələrlə hədələnməsi kimi faktları ətraflı şəkildə təsvir edib. 

Azərbaycanın özünə məxsus əzəli torpaqlarını işğaldan azad etdikdən sonra  Qarabağda yaşayan erməni vətəndaşları ilə əlaqələrin qurulması və Ermənistanla sülh müqaviləsinin imzalanması naminə ardıcıl addımlar atdığına diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, Azərbaycanın xoş məramlarına baxmayaraq, Ermənistan indiqəyədək sülh təşəbbüslərinə və regionda normallaşma prosesinin bərqərar olmasına əngəllər törədir. Rəsmi İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın müddəlarına əməl etmədiyi, Ermənistan silahlı qüvvələrini indiyədək Azərbaycan ərazisindən çıxarmadığı, Laçın yolu ilə silah-sursat daşıyan qüvvələri maliyyələşdirdiyi, Azərbaycanın təbii resurslarını qeyri-qanuni olaraq istismar etdiyi vurğulanıb. 

Azərbaycanın müstəqil dövlət kimi öz Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun olaraq təhlükəsizliyini, sərhədləri üzərində suverenliyi təmin etmək və Ermənistanın qanunsuz, təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün Laçında nəzarət-keçid məntəqəsi yaratdığı bildirilib. Bu məntəqənin Azərbaycanın Qarabağdakı erməni əsilli vətəndaşlarının, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarının, eləcə də Rusiya sülhməramlı kontingentinin keçidini asanlaşdırdığı diqqətə çatdırılıb. 

Ermənistanın isə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə mütəmadi olaraq “regionda həyəcanlı və gərgin humanitar vəziyyət” barədə yalan məlumatlar yaydığı, üstəlik təxribatlar törətməyə davam etdiyi yada salınıb. Ermənistan tərəfinin 2023-cü il 15 iyul tarixində Azərbaycan sərhədçilərini atəşə tutduğu, 26 iyul 2023-cü il tarixdə isə əraziyə qaçaqmalçılıq, o cümlədən yük maşınları göndərməyə cəhd etdiyi kimi faktlar buna nümunə olaraq göstərilib. 

Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Azərbaycanın Avropa İttifaqı və BQXK-nın vasitəsilə Ağdam-Xankəndi və digər alternativ yollar təklif etdiyi, Ermənistanın həmişə olduğu kimi, bütün təkliflərə qarşı çıxdığı və alternativ yollara beton sədlər çəkərək əraziyə girişi bağladığı bildirilib. 

Müəllif qeyd edib ki, bu davranış onu göstərir ki, ermənilərin humanitar vəziyyətlə bağlı bəyanatları şantaj və manipulyasiya niyyəti daşıyan siyasi hiylədən başqa bir şey deyil. “Ermənistan regionda pis oyunçu olub və pis oyunçu olaraq qalmaqdadır. Ermənistanın niyyəti regiona üçüncü tərəfləri cəlb etmək və sülh prosesinin iflasa uğramasına səbəb olacağı ümidi ilə coğrafi gərginliyi genişləndirməkdir”.

Məqalədə erməni lobbisinin maraqlarına xidmət edən konqresmen Adam Şiffin fəaliyyti də sərt tənqid edilib. Bildirilib ki, konqres üzvü qalmaq üçün erməni səslərinə çox ehtiyacı olan konqresmen Şiff ABŞ-ın etibarlı tərəfdaşı Azərbaycanla bağlı faktları çaşdırır və ictimaiyyətə qəsdən dezinformasiyalar ötürür. ABŞ Dövlət Departamenti və nüfuzlu kütləvi informasiya vasitələri isə konqresmenin bu yolverilməz davranışını ifşa etmir. “Hökumət və iri KİV-lər sükan arxasında yatır...”.

Müəllif hesab edir ki, Ermənistanın hiylə və manipulyasiya orbitində olan, yalan bəyanatlar verməkdə davam edən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edən ölkələr və beynəlxalq təşkilatlar həqiqəti eşitməlidir. Onların əsl faktları öyrənməsi Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkilməsi və ikili standartlar siyasətinə son qoyulması ilə nəticələnə bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//newsblaze.com/usnews/national/glendale-artsakh-propaganda_192551/
 


 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az