Azərbaycan yarımçıq qalan işini tamamlamaq üzrədir. 44 günlük müharibədəki tarixi Zəfərin məntiqi sonluğu özünü çox da gözlətmədi. 10 noyabr üçtərəfli bəyanatı ilə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı müvəqqəti nəzarət zonası adlanan ərazilər də artıq tamamilə yiyəsinin - Azərbaycanın nəzarətinə keçir. Bunun üçün artıq mərkəzi hakimiyyət bütün zəruri addımları atır və sözügedən ərazilərdə Azərbaycanın qanunları işlək hala gətirilməyə başlayır.
19 sentyabrda başlayan lokal antiterror tədbirləri öz nəticəsini 23 saat 43 dəqiqəyə verdi. Azərbaycan bu müddət ərzində separatçıların ağ bayraq qaldırıb, qarşısında diz çökməyə nail olmağı bacardı. Qarabağ ermənilərinin nümayəndələrinin əvvəllər Bakıdan gələn Yevlax görüşü təklifinə artıq qaça-qaça can atması bölgədə bütün proseslərin böyük ölçüdə Azərbaycanın xeyirinə dəyişdiyini təsdiqləyir.
Artıq Şuşadan boylandığımız Xankəniyə, Xocalıya, Ağdərəyə ilk qədəmlərimizi basdıq. Son günlər hadisələr o qədər sürətlə cərəyan edir, bir-birini əvəz edir ki, qarşıdakı saatlarda daha hansı çoxdan gözlənilən xoş xəbəri alacağımız ilə bağlı gözləntilər daha da artır. Necə ki, ötən gün eşitdiyimiz məlumat kimi...
Söhbət Xankəndidəki qondarma “artsax respublikasının” rəsmi olaraq ləğv edilməsi xəbərindən gedir. Qondarma rejimin “prezidenti” Samvel Şahramanyan bununla bağlı “fərman” imzalayıb. Bu o deməkdir ki, separatçılar Azərbaycana qarşı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla güc dilində, təzyiq ritorikasında danışmağın mümkünsüzlüyünü gördülər.
Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir. Beləliklə, “Miatsum”, “böyük ermənistan” kimi “ideyalar”məhv oldu. Nəzərə alsaq ki, məhz bu ideologiyanın əsasını “artsax” təşkil edirdi, demək ki, it də getdi, ip də... Azərbaycan tək separatizm üzərində qələbə çalmadı, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurdu.
İndiki məqamda əsas məsələ Rusiya sülhməramlılarının səlahiyyət müddəti bitdikdən sonra Azərbaycanı tərk etməsi görünə bilər. Amma gedişat düşünməyə əsas yaradır ki, vəziyyət əslində düşündüyümüzdən də sadədir. Belə ki, Qarabağdan ermənilərin kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək. Çünki Rusiya sülhməramlılarının Qarabağda mövcudluğunun səbəbi erməni əhali idisə, onlar olmayandan sonra rus hərbi kontingentinin Qarabağdakı mövcudluğu Ukrayna ilə müharibə fonunda vaxt itkisi, qüvvə sərfiyatı kimi qiymətləndirilə bilər.
Ordumuzun və xalqımızın böyük fədakarlıqları ilə Qarabağ münaqişəsi bir vaxtlar xəyal belə edə bilməyəcəyimiz nəticə ilə sonlanmaq üzrədir. Lakin bu o demək deyil ki, ermənilər bir də Azərbaycana qarşı ərazi iddiasına, separatçılıq eşqinə düşməyəcəklər. Heç kim ermənilərin illər sonra yenidən eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə zəmanət verə bilməz. Ona görə də rəsmi Bakı hazırki geosiyasi vəziyyətdən maksimum yararlanaraq mənzərəni tamamilə uzun pererspektivə uyğun qurmalıdır.
Bu mənzərənin əsas elementlərindən biri də sülh ola bilər. Çünki hazırda sülh sazişinin imzalanması üçün bəlkə də heç zaman olmadığı qədər əlverişli vəziyyət yaranıb. Nəzərə alsaq ki, Paşinyan hələ ki, hakimiyyətdədir, Ukrayna müharibəsi şiddətli formada davam edir, üstəlik gələn il həm Rusiyada, həm də ABŞ-da seçkilər var, demək ki, həm tələsməliyik, həm də tələsdirmək. Yəni, önümüzdəki il şərtlər kəskin dəyişə bilər. Son lokal antiterror tədbirlərindən sonra sözsüz ki, mövcud şərtlər bizə tam sərf edir. Ermənistan üçün isə Azərbaycan ilə sülhə razılıq Paşinyan hakimiyyətinin ən doğru qərarlarından biri kimi tarixin yaddaşında qala bilər.
Atabəy Türkel