Laçında itkin düşən hərbçimizin anası: “Oğlumu geri qaytarsınlar” - YENİLƏNDİ (FOTO+VİDEO)

15:21 - 28 Fevral 2024

Laçında itkin düşən hərbçimizin anası: “Oğlumu geri qaytarsınlar” - YENİLƏNDİ (FOTO+VİDEO)

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Manset.az xəbər verir ki, İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub.

R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb:

“Ruslanın 19 yaşı var.  O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdı. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”.

R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub: 

“Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.

Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biri olub.

13:36

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

Manset.az xəbər verir ki, Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib:

“Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az