Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren ölkəyə çevrilib.
Ölkəmiz artıq yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Həyata keçirilən praqmatik strategiya ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bütün bunların şah damarını isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbələr təşkil edir. Ölkəmizin dünayda qalib ölkə, xalqımızın isə qalib xalq kimi beynəlxalq aləmdə təmsil olunması əldə olunan müvəffəqiyyətlərin dinamik inkişafına əsaslı surətdə təsir etmə mexanizminə malik olmuşdur.
Dünyanın ən böyük beynəlxalq konfransı - COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak edəcəyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu. Əslində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır.
İqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlərin olduğunu müşahidə edirik. BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu konfrans qərar verən tərəflərin həmin tədbirin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır.
Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Göründüyü kimi, mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu ənənənin davamıdır. 30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə - Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub.
2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir!
Bir sözlə, Prezident cənab İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Qeyd edək ki, həmin mötəbər tədbirin 2024-cü ildə yəni, “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni, bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili”ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək vermiş olacaqlar.
Son zamanlar dünyanın müxtəlif ölkə rəhbərlərinin Prezident cənab İlham Əliyevə COP-29 da fəal iştirak edəcəkləri ilə bağlı dedikləri sözlər bir daha ölkəmizin əldə etdiyi beynəlxalq nüfuzun həcminin təsəvvür edilə bilməz ölçüdə olmasını göstərir. Burada ölkə rəhbəri cənab İlham Əliyevin beynəlxalq səviyyəli şəxsi nüfuzunun da böyük rolu var.
Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin bir vaxtlar söylədiyi "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır. Bizlər də xoşbəxt vətəndaşlarıq ki, ölkəmizin dünyaya günəş kimi doğmasının canlı şahidiyik. Bu gün əldə etdiyimiz bütün uğurlar bunu bir daha sübut edir.
Zahid Cəfərov
YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor