logo
logo logo
logo

Füzulinin Zəfərdən Böyük Qayıdışa uzanan yolu Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirir

11:20 - 17 Oktyabr 2026

Füzulinin Zəfərdən Böyük Qayıdışa uzanan yolu Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirir

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu şanlı tarixdə Füzuli şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi də bu tarixi hadisələrin əbədiləşdirilməsinə xidmət edir. Həmin Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib.


Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal və müharibə nəticəsində rayon sakinlərindən 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb, 400 nəfərədək insan müharibə əlili olub. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin Füzuli şəhəri 27 il ərzində işğal altında qalıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Füzulinin taleyində yeni mərhələ yaratdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin uzun illər ərzində qurduğu möhkəmləndirilmiş müdafiə sistemlərini yararaq ardıcıl qələbələr qazandı. Füzuli istiqamətində aparılan döyüşlər Vətən müharibəsinin ən ağır və strateji baxımdan mühüm əməliyyatlarından biri oldu. Təmas xəttində düşmənin 30 il ərzində qurduğu çoxsaylı istehkam və müdafiə xətlərinin yarılması ciddi hərbi hazırlıq və yüksək peşəkarlıq tələb edirdi. Hətta bir sıra hərbi mütəxəssislər Füzulinin azad edilməsinin aylarla davam edə biləcəyini düşünürdülər.

Lakin Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, müasir silah və texnologiyalardan səmərəli istifadə imkanları, hərbi qulluqçuların peşəkarlığı və misilsiz qəhrəmanlığı bu maneələri aradan qaldırdı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi azad olundu.

Füzulinin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri işğalın ağır nəticələrinin aradan qaldırılması, şəhərin və rayonun yenidən qurulması, təhlükəsiz və müasir həyat şəraitinin yaradılması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 18 mart tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiq edilib. Bu sənəd şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişafını və dayanıqlı gələcəyini müəyyənləşdirən mühüm strateji sənəddir.

Qısa müddətdə Füzulidə mühüm infrastruktur layihələri reallaşdırılıb. “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi və digər mühüm obyektlər istifadəyə verilib. Nəqliyyat infrastrukturunun inkişafı da xüsusi diqqət mərkəzindədir. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi Füzulinin Qarabağın digər əraziləri ilə əlaqələrinin genişləndirilməsinə və regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Füzuli Beynəlxalq Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi isə şəhərin və bütövlükdə Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm tarixi hadisə oldu. Hava limanı Azərbaycanın Qarabağ bölgəsinin dünyaya açılan mühüm qapılarından birinə çevrilib.

Füzulinin yenidən qurulmasının miqyası Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərlərində də öz əksini tapır. 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan bayrağını ucaldan dövlət başçısı sonrakı illərdə burada yol, enerji, su, səhiyyə, təhsil və yaşayış infrastrukturu ilə bağlı çoxsaylı layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bu səfərlər Füzulinin bərpasının sistemli və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu göstərir.

Böyük Qayıdış proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. İlk mərhələdə 144 ailə köçürülüb. İndiyədək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Bu göstərici Böyük Qayıdışın artıq konkret nəticələrə çevrildiyini, vaxtilə doğma yurdlarından didərgin salınmış insanların Füzulidə yenidən həyat qurduğunu göstərir. Beləliklə, Füzulidə quruculuq prosesi yalnız yeni binaların və yolların inşası ilə məhdudlaşmır. Burada əsas məqsəd insan amilinin ön plana çəkildiyi, müasir və rahat yaşayış mühitinin yaradıldığı yeni şəhər modelinin formalaşdırılmasıdır.

Füzulinin bərpası Azərbaycanın dost və qardaş dövlətlərlə həmrəyliyinin də mühüm nümunəsinə çevrilib. Özbəkistan və Qazaxıstanın Füzulinin yenidən qurulmasına verdiyi töhfələr Türk dünyasının birliyinin real ifadəsidir. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikib.

17 oktyabr Füzulinin tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu tarix 27 illik işğala son qoyan qəhrəmanlıq salnaməsini, şəhidlərimizin qanı bahasına qazanılmış Zəfəri və Azərbaycan xalqının sarsılmaz iradəsini özündə birləşdirir. Bu gün Füzulidə aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etməklə yanaşı, işğaldan azad edilmiş torpaqlarda yeni və dayanıqlı həyat qurur. Dağıdılmış şəhərin yenidən salınması, ərazilərin minalardan təmizlənməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması Böyük Qayıdış siyasətinin bir-birini tamamlayan istiqamətləridir. Füzuli bu gün keçmişin ağrısını, Zəfərin qürurunu və gələcəyin ümidlərini özündə birləşdirən şəhərdir. Burada hər yeni yaşayış məhəlləsi, yol, məktəb, sosial obyekt və qayıdan ailə Azərbaycanın Zəfər tarixinin davamını təşkil edir. Füzulinin Zəfərdən Böyük Qayıdışa uzanan yolu Azərbaycan dövlətinin gücünü, xalqımızın milli iradəsini və gələcəyə inamını nümayiş etdirən tarixi salnamədir.


Vasif Qafarov

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az