Özbəkistanda Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı oldu - FOTOLAR

11:29 - 02 İyun 2025

Özbəkistanda Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı oldu - FOTOLAR

Azərbaycan Dillər Universiteti (ADU) son illər beynəlxalq əlaqələrini sürətlə genişləndirir. ADU ölkənin ali təhsil müəssisələri içərisində beynəlxalq əlaqələrin qurulması baxımından liderliyini qoruyub saxlayır.


Manset.az xəbər verir ki, bu təhsil ocağı dünyanın nüfuzlu universitetlərindən sayılan Özbəkistanın Cahan Dillər Universitetində xaricdə fəaliyyət göstərən və sayca səkkizinci olan Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışını edib.

Açılış mərasimində Cahan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Muxammedcan Şutpoladov, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət evinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcəkdir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ADU-nun rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb, mərkəzin fəaliyyəti haqqında danışıb.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və növbəti dəfə Özbəkistanda Cahan Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı bu mənada xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan və Özbəkistan arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ADU-nun bir sıra xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin ölkələr arasında elmi, mədəni əlaqələrin qurulması baxımından önəmi diqqətə çatdırılıb.

Bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, Azərbaycan mədəniyyəti tanıdılır, müasir Azərbaycan həqiqətlərindən bəhs olunur.

Mərkəzlərdə Azərbaycanın uğurları geniş şəkildə təsvir olunur, Azərbaycan multikulturalizmi təbliğ olunur. Bütün bunlarla yanaşı Azərbaycanı sevən, Azərbaycan dilini öyrənmək istəyən xarici ölkələrdə yaşayan gənclərin birgə fəaliyyəti nəticəsində “Azərbaycanın gənc dostları” layihəsi formalaşdırılır.

Bu layihənin fəaliyyəti nəticəsində illər sonra elm, təhsil, mədəniyyət adına bir sıra ciddi nailiyyətlərin əldə olunacağına əminik.

Qeyd edək ki, növbəti tədris ilindən Cahan Dillər Universitetində Azərbaycan dili fənni tədris olunacaq. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında qarşısına qoyduğu məqsədlərdən biri də xarici ölkə universitetləri ilə qarşılıqlı tədqiqat sahələrini genişləndirməkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv