Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi qeyd edirik. 1992-ci ilin 21 noyabr tarixi gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası təsis konfransını müxtəlif regionlardan 550 nümayəndinin iştirakı ilə keçirdiyi halda hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirməsi xalqın bu partiyaya inamının, etimadının əyani göstəricisidir. Təkcə partiyanın VII Qurultayından VIII Qurultayına qədərki dövrün reallıqlarına diqqət yetirsək görərik ki, 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1 oktyabr tarixinədək ölkənin aparıcı siyasi qüvvəsinin sıralarına 95 379 nəfər yeni üzv qəbul edilib. YAP-ın həyatında baş verən mühüm hadisələr, o cümlədən keçirilən görüşlər, konfranslar, seminarlar və müşavirələr haqqında ətraflı məlumatlar mütəmadi olaraq mediada işıqlandırılmaqla ictimaiyyətin diqqətinə çatdırıldı.
YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə davamlı töhfələri ilə ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Partiyanın yaradılmasından ötən 34 ilin ölkəmizin həyatına yazdığı uğurları sadalamaqla bitməz. Bu baxımdan YAP-ın qurultayları ən mühüm strateji, ideoloji və təşkilati qərarların qəbul edildiyi əsas platforma olaraq partiyanın hesabat dövründə fəaliyyətinə yekun vurmaqla yanaşı, gələcək inkişaf xəttini, seçki strategiyalarını və proqramları müəyyən edir. Partiyanın əsas məqsəd və vəzifələrini əks etdirən Proqram və Nizamnamə sənədləri qurultaylarda qəbul olunur və ya onlara dəyişikliklər edilir. Tarixi Zəfərimizin yaratdığı reallıqların əsasında 2021-ci ilin 5 mart tarixində keçirilən VII Qurultayda Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin tapşırığı ilə yeni Proqram hazırlandı və həmin ilin sonunda qəbul edildi. Partiyanın yarandığı dövrün tələbləri əsasında qəbul edilən ilk Proqramda nəzərdə tutulan bütün vəzifələrin uğurlu icrası, hədəflərin reallığa çevrilməsi yeni Proqramın qəbulunu zərurətə çevirdi və həmin sənəd qəbul edildi. “Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramda nəzərdə tutulan hədəflər partiyanın hesabat dövründə fəaliyyəti üçün yol xəritəsi oldu. Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 34 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istəyi və tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra hakim siyasi partiya statusunu qazanan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə gedib, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı dərin məzmunlu, proqram xarakterli çıxışı YAP-ın keçdiyi çətin və eyni zamanda şərəfli yolun geniş təhlili, həmçinin onların əsasında qarşıdakı dövrün hədəflərinin, görüləcək işlərin təqdimatı oldu. “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır” söyləyən dövlət başçısı onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir: “Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var. Qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir”.
Qürurvericidir ki, partiyamızın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenlyinin tam bərpa edilməsinin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar şəraitində keçirildi. VII Qurultayımız da şanlı Zəfərimizdən bir neçə ay sonra baş tutdu. Təbii ki, hər dövrün çağırışları ölkədə gedən bütün proseslərin mərkəzində dayanan, Azərbaycanın keçdiyi inkişaf mərhələlərinin bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının da fəaliyyətində təkmilləşməni, yeniləşməni bir zərurət kimi qarşıya qoyur. Qurultaylarda qəbul edilən Nizamnamə sənədləri həmin zərurətdən irəli gələn məqamları özündə əks etdirərək partiyanın qarşıdakı dövr üçün fəaliyyətini istiqamətləndirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkəmizdə, regionda və dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenluyimizin tam bərpasına gedən yoldan geniş bəhs edən dövlət başçısı bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu iki hərbi Zəfər təkcə xalqımız, dövlətimiz deyil, bütün dünya üçün böyük önəm daşıyır. Bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik.”
Milli Məclisin deputatı bildirib ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün reallıqlarının, bütün qələbələrimizin başlanğıc tarixinin məhz partiyanın təsis konfransının olmasının əsaslı şəkildə ölkə ictimaiyyətinə çatdırılması ilə də diqqətdə oldu. O dövrdə cərəyan edən hadisələr hər kəsə məlumdur. O vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən qüvvələr öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlanmışdı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin üzərində Azərbaycanın nəzarəti tam itirildi. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşdü. Bundan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etdi. Hakimiyyətə gəlmək, ovaxtkı hakimiyyəti devirmək üçün faktiki olaraq torpaqları Ermənistana təhvil verdilər, ondan sonra itkilərimiz daha da artdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratdı. Ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş verdi. Prezident İlham Əliyev çıxışında “Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər” söyləyərək bu faktı da diqqətə çatdırdı ki, təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə: “Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan-Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdi. Yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağladı.”
Vüqar Rəhimzadə ölkəmizin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə qazandığı davamlı uğurlardan geniş bəhs edərək bildirib ki, Azərbaycan sabitlik, eyni zamanda, böyük investisiyalar məkanına çevrildi. İqtisadi və siyasi müstəqilliyimiz təmin edildi. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana inam daha da artdı. Buna bir daha əmin olmaq üçün həmin vaxtdan indiyədək imzalanan sazişlərə, Anlaşma memorandumlarına diqqət yetirmək kifayətdir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və nəzərdə tutulduğu vaxtda tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın hazırda neftlə yanaşı, qaz, elektrik enerjisi ixracatçısı kimi diqqətdə olması, dünyanın enerji təhlükəsizliyinin təminatına, regional inkişafa davamlı töhfələr verməsi və sair kimi biri-birindən mühüm hadisələr enerji diplomatiyamızın uğurlarıdır.
Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə hazırkı dövrün reallıqlarının əsasını qoydu. Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində ölkəmiz beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən səriştəsiz xarici siyasəti nəticəsində işğala məruz qalan, bir milyondan artıq əhalisi qaçqın və məcburi köşkün vəziyyətinə düşən Azərbaycan olduğu halda ölkəmizə qarşı sanksiyalar tətbiq edilirdi. Heç də təsadüfi deyildi ki, ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz 907-ci düzəliş o vaxt qəbul edilmişdi. Ümummilli Lider ölkənin belə bir çətin durumunda hakimiyyət sükanı arxasına keçdi və dahi rəhbərin hakimiyyəti dövründə çox qısa müddətdə müstəqil Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya Ümummilli hədəflərimizin reallaşmısına yol göstərən mayak rolunu oynayır. “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” söyləyən Prezident İlham Əliyev bu reallığı da xüsusi qeyd etdi ki, təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Bu siyasət 2003-cü ildən davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir. Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik.
Milli Məclisin deputatı keçilən yolun təhlili fonunda dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin VIII Qurultayda qarşıya qoyduğu vəzifələrə diqqəti yönəldərək bildirib ki, hərbi gücümüzün artırılması əsas prioritetlərdəndir. Prezident İlham Əliyev bunu şərtləndirən amillərdən, həmçinin təhlükəsizlik tədbirlərindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının ideoloji işin aparılmasında iştirakından, xarici siyasət uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs etdi. Təbii ki, qeyd edilən istiqamətlərin hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Hər dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində müasir yenilikdən istifadə etməyin vacibliyi Qurultayda xüsusi vurğulandı. Dövlət başçısı bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Bizə qarşı təxribat etmək, xalqımızı çaşdırmaq, gənclərin beyinlərini zəhərləmək üçün yaradılır. Ölkə Prezidenti bu çağırışı etdi ki, görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb: “Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri.”
Vüqar Rəhimzadə qeyd edib ki, partiyamıza yeni qələbələr arzulayan Prezident İlham Əliyev vəzifələrin daha da çox olduğunu, bu gün yalnız strateji əhəmiyyət daşıyan istiqamətlərin diqqətə çatdırıldığını önə çəkərək bu əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.
Ümumxalq etimadının ünvanı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ilk gündən fəaliyyətinə yüksək dəyər verdiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını atdığı addımlarında yol xəritəsi kimi qəbul edərək tarixini daha da möhtəşəm zəfərlərlə zənginləşdirəcək. VII Qurultaydan sonrakı dövrün təhlili partiyanın hər bir məqsədə nail olmaq üçün böyük səylər göstərdiyini, populizmdən uzaq olduğunu, daim Azərbaycanın bu günü və gələcəyi, xalqımızın yüksək rifah şəraitində yaşaması üçün çalışdığını təsdiqlədi. Tarixi Zəfərimizdən sonra keçirilən VII Qurultayda qəbul edilən qərarların davamı olaraq VIII Qurultayın da qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ilə davamlı uğurlarımız təmin ediləcək, YAP hər zaman olduğu kimi bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin bu aparıcı siyasi təşkilatının təsis olunduğu 1992-ci ildən başlanğıcını götürən zəfərlərimizdən üzərimizə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək amalı ilə daha xoşbəxt gələcəyimizə doğru inamla addımlayırlar.