Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsində şəhid Amin Qəfərlinin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Manset.az xəbər verir ki, küçənin uzunluğu 1250, hərəkət hissəsinin eni ortalama 6 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Biləcəri qəsəbəsində Yaşar Sadıqov və Tomris küçələri, 1 May yaşayış massivi 3-cü döngə, Məhəmməd Füzuli küçəsi 1-ci döngə və X.Məlikaslanov küçəsi 3-cü döngə üzrə nəzərdə tutulan təmir işləri artıq icra olunub.