Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
E.Niftaliyev deyib ki, ziyanı ödəmək istəyir: "Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanına gələn də yoxdur. Ona görə də barəmdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirəm".
Dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmamasını istəyib.
Zərərçəkmişlər isə ziyanın ödənilməsini tələb ediblər.
Zərərçəkmiş Azər Məmmədov deyib ki, ona bankdan kredit götürərək verib: "Hazırda çox çıxılmaz vəziyyətdəyəm. Mənə dəymiş ziyanın cəm şəkildə ödənilməsini istəyirəm".
Ramis Hümmətov bildirib ki, ona qarşı verilən ittihamlar düzgün deyil. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyində işləyib: "Mənim heç bir vaxtım olmayıb. Bu işləri Eyvaz görüb. Hamını dolayıb, məni də yanına salmaq istəyir. Mənim yoldaşım da rəhmətə gedib, uşaqlarıma da özüm baxıram".
Eyvaz Niftaliyevin vəsatəti təmin olunmayıb, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Məhkəmə baxışı iyulun 19-na təyin olunub.
Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.
İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlayıb və bəzi işlər görmək istəyib.