Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) e-AHİK elektron rezervasiya sisteminin təqdimatı keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
yollayışların verilməsində e-AHİK elektron rezervasiya sisteminin üstünlükləri
haqqında məlumat verilib. Bildirilib ki, sistem yollayışların verilməsi
prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə
yaradılıb və elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə
yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq. Qeyd olunub ki,
e-AHİK sistemi üzərindən müraciət qəbul olduqda təsdiq barədə müraciət edən şəxsə
məlumat verilir. Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri
ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən
tarixdə sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşır. Həmçinin tədbirdə
sistemdən istifadə qaydaları haqqında təqdimat edilib.
Sonra ittifaq üzvlərinin
əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahətinin təşkili
istiqamətində görülən işlərdən, aparılan islahatlardan və tətbiq edilən
yeniliklərdən bəhs edən video nümayiş etdirilib.
Konfederasiyanın həyata
keçirdiyi “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Sağlamlığa doğru
qaç!”, “Həmkardan həmkara qayğı ilə” layihələri barədə də ətraflı məlumat
verilib, həmin layihələrdən hazırlanmış videoçarx izlənilib.
Diqqətə çatdırılıb
ki, Konfederasiya tərəfindən ittifaq üzvləri üçün əlavə xüsusi endirimlər və
bonuslar təqdim edən "AHİK Plus" proqramının da yaxın vaxtlarda
icrasına başlanılacaq. Proqram üzvlərin sosial rifahının yüksəldilməsini, mal və
xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılmasını hədəfləyir.
Tədbirdən sonra
media nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat
verilib ki, e-AHİK sistemi üzərindən edilən müraciətlər bu Mərkəzdə emal
olunur. Media nümayəndələri həmçinin Konfederasiya tərəfindən yeni yaradılan Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzində də olublar. Bildirilib ki, Mərkəzdə
ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək
münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir. Məqsəd
həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.