İyunun 5-də Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Manset.az xəbər verir ki, rektor, akademik Kamal Abdulla səfiri salamlayıb, onu
universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, son illər Azərbaycan və Qırğızıstan
arasında dostluq və tərəfdaşlıq münasibətləri ən yüksək səviyyəyə çatıb.
Görüşdə birgə elmi konfransların həyata keçirilməsi,
tələbə-müəllim mübadilələrinin vacibliyi önə çəkilib. ADU-nun bir sıra
beynəlxalq elmi proqramlarla əlaqələrinin olması haqqında danışılıb. Belə elmi
proqramlardan biri olan Orhun mübadilə proqramı ilə universitetin sıx
əməkdaşlıq etməsi diqqətə çatdırılıb.
ADU-nun son illər artan beynəlxalq əlaqələrindən
danışan rektor, bu yaxınlarda iki ölkədə - Macarıstan və Özbəkistanda
Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyətə başlaması haqqında
məlumat verib.
Görüş zamanı Qırğızıstanda fəaliyyət göstərən ali
təhsil müəssisələrinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
fəaliyyəti perspektivləri müzakirə olunub.
ADU tələbələrinin müxtəlif xarici ölkə səfirliklərində
təcrübə keçməsi haqqında qonağa məlumat verilib.
Səfir Maksat Mamıtkanov ADU-da olmaqdan məmnun
olduğunu bildirərək, Azərbaycan – Qırğızıstan ali təhsil müəssisələri arasında
qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, ADU ilə Qırğızıstanda fəaliyyət
göstərən ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq üçün əlverişli
imkanlar mövcuddur.
Rektor daha sonra diplomata ADU-da fəaliyyət göstərən
“Səfir saatı” layihəsi haqqında məlumat verib və onu tələbələrlə görüşə dəvət
edib.