Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası çərçivəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti bürosunun (ACTRAV) direktoru Maria Helena Andre ilə görüşlər keçirib.
Manset.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Sahib Məmmədov ölkəmizdə
həmkarlar ittifaqları sistemində görülən işlər, işçilərin əmək hüquqlarının
effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində
reallaşdırılan tədbirlərdən danışıb.
Bildirilib ki, fəaliyyətini müasir
çağırışlar, trendlər əsasında quran Konfederasiya tərəfindən hərtərəfli
islahatlar aparılır, yeniliklər tətbiq olunur, layihələr icra edilir.
“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramı”na dair Azərbaycanla BƏT arasında tərəfdaşlıqdan bəhs edən
Konfederasiya sədri sosial dialoq, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi,
gender bərabərliyinin təşviqi və dayanıqlı iqtisadiyyata ədalətli keçidin dəstəklənməsinin
əhəmiyyətini vurğulayıb. Görüşlərdə BHİK və BƏT-lə əlaqələrin, hər iki beynəlxalq
təşkilatın bəyannamələrinin, qərarlarının, eləcə də tövsiyələrinin həmkarlar
ittifaqları üçün önəmi qeyd edilib.
BHİK-in baş katibi Luk Trianql və
BƏT-ACTRAV-nin direktoru Maria Helena Andre Azərbaycan həmkarlar ittifaqlarının
fəaliyyətini, aparılan islahatları yüksək qiymətləndirib, münasibətlərin səviyyəsindən
razılıqlarını bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini
ifadə ediblər.
Görüşlərdə “yaşıl iqtisadiyyata” keçiddə ədalət
prinsipinin qorunmasından bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda
keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti
vurğulanıb.
Həmçinin görüşlərdə əməyin təhlükəsizliyi,
qeyri-leqal iş yerləri ilə mübarizə, sosial dialoq, əmək prosesində qadınların
və gənclərin hüquqlarının artırılması, eləcə də qarşılıqlı dəstək və birgə
layihələr barədə müzakirələr aparılıb.