Cəmiyyətin
və Medianın İnkişafı İctimai Birliyi “Erkən nikah və fəsadları: maarifləndirici
tədbirlər silsiləsi” adlı layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata
keçirilir.
Layihənin
əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına
çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən
qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən
cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının,
xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə
çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı
işlərə dəstək göstərməkdir.
Layihə
müddətində məqsədəuyğun olaraq, regionlarda maarifləndirici dəyirmi masaların və
konfransın təşkil edilməsi, dəyirmi masalarda və konfransda dövlət qurumlarının
nümayəndələrinin, mütəxəssislərin, vətəndaşların, həmçinin bu və ya digər şəkildə
erkən nikaha məruz qalan şəxslərin iştirakı ilə müzakirələr aparılması nəzərdə
tutulur. Bundan başqa erkən nikaha məcbur edilən qızların başına gələn hadisələrin
(üzləri görünməmək şərtilə) öz dillərindən videoçarx şəkilində hazırlanıb
yayımlanması, ölkədə tanınan şəxslərdən erkən nikah və onun fəsadları
mövzusunda müsahibələr alınması və həmin müsahibələrin sosial şəbəkələrdə
yayımlanması, Peşə liseylərinə məktəbli qızların, həmçinin valideynlərin səfərinin
təşkil edilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.
Layihə
3 ay müddətində həyata keçiriləcəkdir.