Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər
Akademiyasında “Məzun günü” keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə 2024/2025-ci
tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa
vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri,
Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak
ediblər.
Əvvəlcə Dövlət
Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü
və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Sonra “Təşəkkür
edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib.
Tədbirdə
çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov
məzunları təbrik edərək dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və
qayğısından danışıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti hazırda cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı
kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər
həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial və innovativ layihələr
gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.
Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun
kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdıran
Konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da
yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib.
Sahib Məmmədov
məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə
verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.
Akademiyanın
rektor vəzifəsini icra edən Yusif Ağayev tələbə və məzunların uğurlarından söz
açıb, ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətlər, genişlənən beynəlxalq
əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd
yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən
yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Məzunları təbrik edən Yusif
Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərilərində davamlı işləməyi və
peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.
Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib,
qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm
şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi
inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.
Akademiyanın məzunları - Vəfa
Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini
bölüşüblər. Onlar burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə
etibarlı zəmin yaratdığını və bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə
doğru daha inamla irəliləyəcəklərini deyiblər.
Çıxışlardan sonra məzunların təltifetmə
mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi,
tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən Akademiyanı
bitirən 189 məzuna Fəxri fərman və tərifnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib,
xatirə şəkilləri çəkdiriblər.