“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, o, dələduzluq ittihamı ilə bir neçə vətəndaşın şikayəti əsasında tutulub.
İttihama görə, MMC direktoru işgüzar nüfuzunun, həmçinin vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-yə, digərindən isə FHN-ə işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyyənləşib.
Həmçinin R.Quliyev “TTQ GRUP” MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə də pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə ona 5 min, 10 min, 35 min məbləğlərində pul verən şəxslər olub.
R.Quliyev istintaq dövründə bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra yenidən həbs edilib. Məhkəmənin hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Direktorla birlikdə şirkətin əməkdaşı Elnur Babayev də həbs edilib. Onlar əlbir olaraq dələduzluqda ittiham olunublar. E.Babayevin adı şirkət adından edilən dələduzluq epizodlarında keçir. O da 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən ilin mayında redaksiyamıza şikayət edən bir qrup şəxs R.Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirmişdi. Həmin vaxt saytımıza açıqlama verən şirkət rəhbəri isə pulu hissə-hissə ödəyəcəklərini qeyd etmişdi.