Türkiyədə 29 yaşlı qadın yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə, ötən gecə saat 03:00 radələrində Kayaköy Toplu Konutlarında baş verib. Əldə edilən məlumata görə, daşınmaz əmlak məsləhətçisi və həyat kouçluğu ilə məşğul olan Esra Ekinci, dostları ilə birlikdə bir əyləncə məkanında spirtli içki qəbul etdikdən sonra gecənin irəliləyən saatlarında evinə qayıdıb.
Dostlarını yola salmaq üçün mənzilinin eyvanına çıxan Esra Ekinci, tarazlığını itirərək beşinci mərtəbədən yerə yıxılıb. O, hadisə yerində qanlar içində qalıb və ağır xəsarət alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Hadisə yerinə gələn həkim briqadası Esra Ekinci’nin həyatını itirdiyini müəyyən edib. Hadisə ilə bağlı araşdırma davam edir.