Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polisə müraciətlər daxil olub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.
Bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Belə ki, polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla “Toyota” markalı 90-YL-396, “Mercedes” markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.
"Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir. Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər", - məlumatda vurğulanıb.