“Cəmiyyətin
və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları:
maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində növbəti tədbir
keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Astara rayonunda Gənclər evində təşkil edilən
tədbirdə rayon icra hakimiyyətinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin
nümayəndləri, həkim, həmçinin rayonu təmsil
edən idmançı qızlar, rayonun fəal gəncləri iştirak ediblər.
Əvvəlcə
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihənin məqsədi barədə məlumat verib, icra
olunan tədbirlər haqqında danışıb. O, bildirib
ki, təhsil almayan, erkən nikah qurbanı
olan qızlarımız sonradan ciddi problemlərlə üzləşirlər, onların hüququları
kobud şəkildə pozulur, məişət zorakılıqları ilə üzləşirlər. Azərbaycanda iqtisadi
imkanların genişləndiyini, yeni müəssisələrin açıldığını, iş yerlərinin
yaradıldığını deyən təşkilat sədri əlavə
edib ki, xüsusilə işğaldan azad edilmiş
torpaqlarımızda peşə ixtisası tələb edən iş yerləri açılır. O, qeyd edib ki, artıq peşə liseyləri həmin
müəssisələr üçün işçilər yetişdirirlər. L.Azərtaş vurğulayıb ki, bu
baxımdan nikah yaşı çatmayan qızların
qarşısında başqa seçimlər də var.
Astara
Rayon RİHB-nin müavini, İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova bildirib ki, erkən nikah
mövzusu ilə bağlı rayonda tədbirin keçirilməsi böyük əhmiyyət daşıyır. O, son
illər rayonda erkən nikah faktlarının azaldığını qeyd edib. F.Sadixova əlavə
edib ki, artıq rayonda 18 yaşı tamam
olmayan qızların valideynlərinin üzürlü səbəb göstərərək etdikləri müarciətlərə müsbət
cavab verilmir.
DİN-in
Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd
Rzayev təmsil etdiyi qurum tərəfindən erkən nikahla bağlı daxil olan müraciətlərə
həssas yanaşıldığını, qanunverciliyə uyğun tədbirlər görüldüynə diqqət çəkib.
DSX-nın
doğum, ginekologiya, EKO mərkəzinin rəisi, mama-ginekoloq Yeganə Əliyeva bildirib
ki, yeniyetməlik
dövründə ərə verilən qızın orqanizmi tam formalaşmadığından hamiləlik onun
sağlamlığı baxımından təhlükəyə çevrilir. Doğuş zamanı həm ananın, həm də
uşağın ölüm ehtimalı yüksəlir.
Astara
rayon Gənclər evinin namayəndəsi Nəzrin Rzazadə rayonda erkən nikah faktlarının
xüsusilə dağ kəndlərində daha çox qeydə alındığını deyib. O, Gənclər evinin erkən
nikaha qarşı mübarizədə fəal iştirak etdiyini bildirib. Əlavə edib ki, bu məqsədlə
müxtəlif tədbirlər keçirilir, fərqlənən gənclərlə, xüsusilə yüksək bal
toplayan, idman sahəsində uğurları olan yeniyetmələrlə əlaqə gücləndirilir,
onlar önə çəkilir.
Rayonun
idman ictimayyətini təmsil edən məşqçi Loğman
Ağayev erkən nikaha qarşı mübarizənin çətinliyindən söz açıb. O bildirib ki, idman bu məsələdə effektiv üsullardan biri olsa da
valideynlər müsbət yanaşmır. Öz təcrübəsini bölüşən məşqçi deyib ki, 4-5 il əvvəl
Astarada qızları güləş idman növünə cəlb etmək təklifi böyük etirazlarla
qarşılanıb. Ona görə də əvvəlcə öz yaxın qohumunu məşqə cəlb edib. Daha sonra
bu idman növünü seçən qızların sayı artıb. Məşqçi bildirib ki, indi rayonda
idman sahəsində uğur qazanan qızların sayı artıb.
Daha
sonra yeniyetmələr və gənclər mövzu ilə
bağlı özü fikirlərini bölüşüb, onların sualları cavablandırılıb.
Tədbirdə erkən nikaha məcbur edilən xanımlardan götürülən
müsahibələr təqdim edilib.