Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda bölgədə yerli televiziya kanalının yaradılması məsələsi gündəmə gələ bilər.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli və Mətbuat Şurasının sədri Rəşad Məcid açıqlamalarında öz fikirlərini bölüşüblər.
Professor Qulu Məhərrəmli bildirib ki, I Qarabağ müharibəsinin ilk illərində gərginliyin ən qızğın dövründə Şuşada yerləşən və "Qızıl Qaya" deyilən ərazidə fəaliyyət göstərən televiziya qülləsi vasitəsilə, şərti adı “Şuşa TV” olan bir studiya fəaliyyət göstərib. Onun sözlərinə görə, həmin televiziya mühasirədə yaşayan Şuşa sakinləri üçün mühüm informasiya mənbəyi idi. Lakin sonradan baş verən hərbi-siyasi proseslər bu fəaliyyətin davam etdirilməsinə imkan verməyib:
“Hazırda bölgədə dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti, yerli jurnalistlərin işə cəlb olunması və "Qarabağ radiosu"nun yaradılması informasiya təminatı sahəsində mühüm addım kimi dəyərləndirilə bilər”.
Həmsöhbətimiz hesab edir ki, televiziya kanalı - xüsusilə “Şuşa TV”nin yenidən qurulması həm təbliğat, həm də əhalinin məlumatlandırılması baxımından vacib addım olardı. O bildirib ki, ilkin mərhələdə radio və xəbər proqramlarının inteqrasiyası ilə mərhələli şəkildə televiziya kanalının yaradılması da mümkündür.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də “Şuşa TV” ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, 1980-ci illərin sonlarında fəaliyyət göstərən bu televiziya kanalı Qarabağda Azərbaycan icmasının əsas informasiya platforması və ümid yeri idi:
"“Şuşa TV" o dövrdə etiraz nümayişlərini işıqlandırır, ziyalıların çıxışlarını yayımlayırdı. Mən həmişə arzulamışam ki, o ənənə yenidən davam etdirilsin”.
R.Məcid əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri gedir, keçmiş məcburi köçkünlər bölgəyə qayıdır. O, yaxın gələcəkdə bu bölgədə yerli televiziya kanallarının yaradılmasının zəruri olacağını vurğulayıb:
“Güman edirəm ki, belə bir kanalın Şuşada və Xankəndidə yerləşməsi də məqsədəuyğun olar. Son illərdə gerçəkləşdiyini gördüyümüz arzular arasında bu layihənin də reallaşacağına inanıram”.