Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər
Akademiyasında həmkarlar ittifaqlarının əməkdaşları üçün təlimlər davam
etdirilir.
Manset.az xəbər verir ki, beynəlxalq
səviyyədə tanınan IOSH (Institution of Occupational Safety and Health)
sertifikatı üzrə təşkil olunan budəfəki təlimdə AHİK-in üzv təşkilatı Elm və Təhsil
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər.
Təlimdə
iştirakçılara əməyin təhlükəsizliyi sahəsində müasir yanaşmalar, potensial
risklərin aşkarlanması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində
qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.
Təlim
zamanı həmçinin müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd
edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət
göstərən nüfuzlu institutdur. IOSH sertifikatı alanlar beynəlxalq səviyyədə əməyin
təhlükəsizliyi üzrə mütəxəssis hesab olunurlar. Əmək və Sosial Münasibətlər
Akademiyası da Böyük Britaniyanın IOSH İnstitutu tərəfindən akkreditasiyadan
keçirilib. Bu da ali təhsil ocağına əmək mühitində təhlükəsizliyin və
sağlamlığın qorunması ilə bağlı təlimləri keçirməsinə və nəticələrin qiymətləndirməsinə
imkan yaradır.