Anım günləri göz yaşı axıtmaq, qəm-qüssəyə qərq olmaq üçün deyil, bir oyanışdır, başlanğıcdır. Tarix boyu xalqlar acı günlərini boşuna xatırlamayıb, itkilərini əbəs yerə anmayıb. Bunun bir səbəbi var: faciəni unutmursan, amma ondan dərs alırsan, möhkəmlənirsən, qisasını alıb qalib kimi yoluna davam edirsən.
Bu gün Azərbaycan xalqı 27 sentyabrı ümummilli hüzn günü kimi yad edir. Beş il əvvəl dövlətimizin lideri, Ordumuzun Ali Baş Komandanı qisası, 30 illik kağız üzərində qalan ədalətin gerçəyə çevrilməsini əmr etdi. Müharibə qərarını vermək asan deyil. Savaş əmri bəlkə də döyüşməyin özündən də ağırdır: çətin, məsuliyyətli və mənəvi cəhətdən sarsıdıcı. Minlərlə Vətən övladını ölümün gözünə göndərmək sadəcə hərbi addım deyil, həm də talelərin, ailələrin, körpə balaların yükünü çiyinlərə götürməkdir.
Amma o gün verilən əmr xalqı bir yumruq kimi birləşdirdi. Mən Azərbaycan xalqını 44 gün ərzindəki kimi birləşmiş, bir ürək, bir nəfəs olmuş halda görməmişdim, bəlkə də bir daha görməyəcəyəm. Müharibənin nə demək olduğunu biz yaxşı bilirik. 1994-cü ildə onun ən acı üzünü öz ocağında yaşayan ailələrdənik. Atamın şəhid xəbərini eşidəndə qulaqlarımı bürüyən uğultu indi də yadımdadır. Sonralar hər dəfə yeni şəhid xəbəri gələndə həmin uğultu bir anlıq yenidən qayıdır…
Amma xalq bu ağrını da dik duruşla, qürurla qarşıladı. Çünki biz bilirdik: zəfər itkisiz olmaz. Necə deyirlər: “Qarabağ onlar üçün torpaqdır, bizim üçün Vətəndir.” Vətən isə hər şeydir: anadır, atadır, ailədir, sevgilidir, övladdır…
Beş ildə inanılmaz hadisələr baş verdi. Qələbədən sonra Azərbaycan ərazi bütövlüyünü tam bərqərar etdi. İndi Xankəndidən boylanan bayrağımız Şuşadan dalğalanan bayrağımıza salam göndərir. Qarabağ bu gün dünyanın böyük dövlətlərinin görüş yerinə çevrilib.
Amma unutmayaq: bugünkü qürur, qalibiyyət, rahatlıq göydən düşməyib. Onun kökü Birinci Qarabağ savaşına dayanır. Azərbaycanın zəfər ağacı şəhid qanı ilə suvarıldığı üçün kökləri bu torpağın ən dərin qatlarına işləyib. Elə bir güc yoxdur ki, o ağacı kökündən qopara bilsin.
İllər, əsrlər ötəcək, biz – şəhidlərin övladları, onların şahidləri – bu dünyadan köçəcəyik. Amma Azərbaycan xalqı şəhid verən bir millət kimi tarixin yaddaşında əbədi qalacaq. Ona görə də qələbəni qürurla yad etməzdən öncə Anım Gününü xatırlamalıyıq. Çünki zəfərə gedən yol Anım Günündən başlayır.
Zaur Əhməd