Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyəti
başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar
Rəhimova, Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və
pedaqoji kollektiv iştirak edib.
Tədbirdə yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz
səbəblərlə yayınması, eləcə də valideynlərin övladlarını təhsildən yayındırması
hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti
vurğulanıb.
Məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş
digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi
və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi,
eləcə də pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib.
Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı
Vüsal Axundov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik
məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli
halların müşahidə edildiyi təqdirdə polis orqanlarına dərhal məlumat verilməsinin
vacibliyini qeyd edib. O, eyni zamanda məktəblərin müasir müşahidə kameraları
ilə təchiz olunmasının təhlükəsizlik baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin
internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün
istifadə qaydaları barədə də ətraflı məlumat verilib, bu sahədə valideyn nəzarətinin
zəruriliyi vurğulanıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təklif və tövsiyələr
dinlənilib.