Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.
Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval "təhlükəli zona" adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Dondurulmuş qidaları buzunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.
Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət şəraitində hazırlanan qidadan baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştamıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.
AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.