“Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb".
Manset.az xəbər verir ki, bunu 2013-cü ildə MTN tərəfindən həbs edilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş jurnalist Pərviz Həşimli deyib.
Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, jurnalistin qanunsuz həbsilə azadlıq və toxunulmazlıq hüququ, ədalətli məhkəmə araşdırması hüququ, şəxsi həyata və ailə həyatına hörmət hüququpoziulub.
P.Həşimlinin sözlərinə görə, Avropa Məhkəməsi onun həbsinin tam qanunsuz olması qənaətinə gəlib:
“Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırması aparmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib".
Maraqlıdır ki, jurnalist sevincini öncə onu azadlıqdan məhrum edən hakimə - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova zəng edərək bölüşüb.
"O isə “bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun” deyə bildirdi", - P.Həşimli deyib.
"Avropa Məhkəməsində məni müdafiə edən vəkilim Elçin Sadıqova, həmçininin, yerli məhkəmələrdə yanımda olan MTN-dəki cinayətkar dəstə qarşısında ləyaqətlə və vicdanla məni müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkür edirəm”, - Pərviz Həşimli əlavə edib.
O deyib ki, bu qərardan sonra bəraət almaq üçün Ali Məhkəməsinə üz tutacaq.
Qeyd edək ki, Pərviz Həşimli 2016-cı ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.