Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) 2025-ci ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Manset.az xəbər verir ki, tədbir
çərçivəsində həmçinin dövlət su kadastrı və elektron su xəritəsinin təqdimatı
baş tutub.
İclasda
ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin və Xidmətin struktur bölmələrinin rəhbərləri
iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan ADSEA sədri Zaur Mikayılov ölkə rəhbərliyinin su ehtiyatlarının
idarə olunması, suların səmərəli istifadəsi və mühafizəsi sahəsinə göstərdiyi
diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, su ehtiyatlarının
dayanıqlı idarə olunması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində
mühüm irəliləyişlər əldə olunub. Zaur Mikayılov bildirib ki, qarşıya qoyulan
tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün sistemli və ardıcıl fəaliyyət
davam etdiriləcək.
Agentlik sədri
su ehtiyatlarının idarə olunması prosesində müasir idarəetmə yanaşmalarının tətbiqinin
önəmini qeyd edərək, bu istiqamətdə SİMDNX-nin kollektivinin səmərəli fəaliyyətini
yüksək qiymətləndirib və onlara təşəkkürünü ifadə edib.
Daha sonra
çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi
Rafiq Aslanov ADSEA rəhbərliyinə yaradılan şəraitə və göstərilən daimi dəstəyə
görə minnətdarlığını bildirib. O qeyd edib ki, qısa müddət ərzində xidmət tərəfindən
müəyyən edilmiş prioritet istiqamətlər üzrə mühüm nəticələr əldə olunub, ölkə ərazisində
su ehtiyatlarının qanunsuz istifadəsinin qarşısının alınması, su obyektlərinin
mühafizəsi və monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər
həyata keçirilib.
Xidmət rəisi əlavə
edib ki, yeraltı və yerüstü su kadastrının formalaşdırılması üzrə işlər
intensiv şəkildə davam etdirilir və xidmətin maddi-texniki bazasının gücləndirilməsi
bu tədbirlərin effektivliyini daha da artırır.
Tədbir çərçivəsində
xidmətin şöbə müdirləri tərəfindən təqdimatlar nümayiş olunub, görülmüş işlər, əldə
olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.
İclasın sonunda
iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb,
növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.