Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl
sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı “Həmkardan həmkara qayğı ilə”
sosial layihəsinin növbəti aksiyası Gədəbəydə keçirilib.
Manset.az xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən
ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya,
oftalmologiya, travmatologiya-ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim
heyəti tərəfindən tibbi xidmətlər göstərilib.
İki gün davam edən aksiya zamanı ümumilikdə 640
rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər
verilib və müvafiq müalicələr təyin olunub.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal
iştirak ediblər.
Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” sosial
layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı
artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində
2250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. “Həmkardan həmkara
qayğı ilə” sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.