Azərbaycanın qədim
və cazibədar guşəsi – İçərişəhər bu dəfə payız mövsümünə xüsusi rəng qatan
unikal bir tədbirə ev sahibliyi etdi. 31 oktyabr – 2 noyabr tarixlərində
keçirilən “Zeytun Festivalı” ölkəmizdə bu mövzuda təşkil olunan ilk festival
kimi yadda qaldı.
Manset.az xəbər verir ki, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil
olunan festival çərçivəsində üç gün ərzində ziyarətçilər zeytunun mədəni,
qastronomik və ekoloji dəyərlərini yaxından tanımaq imkanı qazandılar.
Tədbir çərçivəsində
yerli və beynəlxalq zeytun və zeytun yağı istehsalçılarının iştirakı ilə geniş
sərgi-yarmarkası, rəsm plenerləri və retro avtomobillərin nümayişi və rəngarəng
maraqlı proqramlar təşkil edildi. Qonaqlara məhsulların təqdimatı ilə yanaşı,
zeytun yağının hazırlanma prosesi və hazırlanan müxtəlif yeməklərin hazırlanma mərhələsi
nümayiş olundu.
İçərişəhərdə fəaliyyət
göstərən 17-dən artıq restoran festivala qoşularaq öz menyularında dəyişiklik
edib, zeytundan hazırlanan xüsusi yeməkləri menyularına daxil etdilər. Tanınmış
aşpazların iştirakı ilə hazırlanan bu təamlar qonaqlara təqdim olunaraq böyük
maraqla qarşılandı.
Dekorativ sənət
və əl işləri zonasında zeytun ağacından ilhamlanmış sənət nümunələri nümayiş
olundu. Uşaqlar üçün yaradıcı guşələr və interaktiv fəaliyyətlər isə festivala
ailəvi, isti bir ovqat qazandırdı.
Zeytun
Festivalı həm mədəniyyət, həm də turizm baxımından yeni bir ənənənin əsasını
qoydu. Tədbir zeytunun Azərbaycan mətbəxində və gündəlik həyatında tutduğu
xüsusi yeri ön plana çıxararaq, yerli istehsalın, ekoloji düşüncənin və payız
mövsümünün gözəlliyini birləşdirdi.