2025-ci ilin 28-31 oktyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclası keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə ölkəmizi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər
Nazirliyinin aidiyyəti əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
İclasda
respublikamızın üzv olduğu narkotik maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı beynəlxalq konvensiyaların müddəalarından irəli
gələn vəzifələrin icrası, Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı
aparılan mübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzit marşrutu
kimi istifadə edilməsinin qarşısının alınması istiqamətində, habelə bu sahədə
qəbul olunmuş 2019-2024 və 2025-2030-cu illəri əhatə edən Dövlət proqramları
çərçivəsində görülmüş tədbirlər barədə nümayəndə heyəti tərəfindən ətraflı
məlumat verilib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilə narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu (UNODC), İNTERPOL və digər
beynəlxalq və regional təsisatlar arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb.
Eyni zamanda, son vaxtlarda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə
qurulmuş işgüzar münasibətlərə də toxunulub.
Həmçinin
vurğulanıb ki, 2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47.863 fakt aşkar edilib. Bundan
əlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop
maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510
nəfəri əcnəbi olmaqla, ümumilikdə 39.002 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10
narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik
vasitə müsadirə edilib.
Eləcə də
tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən tərəfdaş dövlətlərin istintaq
orqanları və əməliyyat qurumları arasında əlaqələrin və əməliyyat
məlumatlarının mübadiləsinin genişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat
dəhlizləri vasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgə
nəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.
Bundan
başqa, müasir dövrümüzdə göstərilən sahədə yaranmış təhdidlər sırasında
internet üzərindən narkotik vasitələrin satışının həyata keçirilməsinin, cinayətkarların
pilotsuz uçuş aparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin
yer alması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.
Xüsusilə
qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qeyri-qanuni
dövriyyəsi, bu işlə məşğul olan cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə
birgə səylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiya
mübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyac vardır.