Bakıda eskalatorların təmiri işləri davam etdirilir -  VİDEO/FOTO

17:37 - 13 Noyabr 2025

Bakıda eskalatorların təmiri işləri davam etdirilir -  VİDEO/FOTO

Şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir. 


Manset.az xəbər verir ki, aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb.

Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.

Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır.

Görülən tədbirlər yeraltı və yerüstü piyada keçidlərində vətəndaşların təhlükəsiz, rahat və fasiləsiz hərəkətinin təmin edilməsinə, həmçinin şəhər nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az