15 noyabr 2025-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransı keçirilmişdir. Adıgedən kofrans neftçalalı dilçi alimlərin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
“AZLİNG” silsilə konfransları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdiirilməsi ilə bağlı tədbirlər haqqında“
1 noyabr 2018-ci il tarixli Fərmanının ruhuna uyğun olaraq keçirilir. Builki
konfrans “Konstitusiya və Suverenlik İli“nə həsr olunmuşdur. Konfransda yüzə
yaxın alim və gənc tədqiqatçı iştirak etmişdir. AZLİNG2025 konfransında müasir
dünya dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin aktual problemləri
müzakirə olunmuşdur. Konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər
gənc tədqiqatçılar də iştirak ediblər.
Konfransdan öncə iştirakçılar
Neftçala Heydər Əliyev Mərkəzinin önündə ucalan Ümummilli Lider Heydər Əliyevin
abidəsini ziyarət etmiş, tər güllər düzmüşlər. Daha sonra konfrans
iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan Dilçilik Nailiyyətləri
Sərgisiylə tanış olmuşlar. Sərgidə Azərbaycan dilçiliyinin son nailiyyətlərini əks
etdirən kitablar nümayiş olunmuşdur. Sərgi bir həftə boyunca davam edəcəkdir.
Konfransı giriş sözü ilə açan
Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyi zamanı Azərbaycan
dilinin saflığının qorunmasının vacibliyini sitat gətirərək dil və xalqın
taleyinin, onun mənliyi və mənəviyyatıyla sıx bağlı olduğunu bildirmişdir.
Konfransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən Neftçala rayon
İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai
Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda
Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər
Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Şirvan-Salyan Regional Mədəniyyət
İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək bugünkü konfransın əhəmiyyətindən
söz açaraq vurğulayıblar ki, qloballaşan dünyamızda doğma dilimizin qorunub
saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi Azərbaycan dili
siyasətini bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev uğurla davam
etdirir. Doğma dilimizlə bağlı qəbul olunan müvafiq qərarlar və irəli sürülən
tezislər natiqlər tərəfindən bir daha vurğulanmışdır.
Sonra konfransın təşəbbüskarları
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri
doktoru Qüdsiyyə Qəmbərova “AZLİNG2024 - Azərbaycan dili və müasir dilçilik:
problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfransın materialları əsasında
nəşr olunmuş linqvistik toplunun təqdimatını edərək kitabın uğurlu elmi
araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfəsi kimi qiymətləndirib.
Daha sonra tədbir Heydər
Əliyev Fondunun Çin üzrə nümayəndəsi, Pekin Xarici Dillər Universitetinin Azərbaycan
dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin
moderatorluğu ilə davam etdirilib. Aqşin Əliyev AZLİNG konfranslarının beş
illik hesabatını təqdim etdikdən sonra konfransın “Gənc dilçilər“ forumuna
başlayıb. “Gənc dilçilər“ forumunda
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent Elnarə Əliyeva, Azərbaycan Dillər Universitetini baş müəllimi,
Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil
Bayramov, Bakı Dövlət Universitetinin doktorantı Simnar Əlizadə çıxış edərək
Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri,
Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması
yönündə həyata keçirilən islahatlar haqqında fikirlərini auditoriya ilə
bölüşmüşlər. Daha sonra forum müzakirə formatında işini davam etdirmişdir.
Konfrans bölmə iclaslarla
davam edib. Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də
dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə yaxın alim və gənc tədqiqatçı
aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və “AZLİNG” konfransının növbəti il də keçirilməsi qərara alınıb. Qeyd edək ki, konfrans materialları toplu halında nəşr olunacaqdır.