Son zamanlar pul qarşılığında bank kartı açdıran insanların sayı artıb.
Manset.az xəbər verir ki, "Kapital Bank"ın Bank məhsullarına hüquqi dəstək şöbəsinin müdiri Ruslan Mürşüdzadə bildirib ki, kimsə pul qarşılığında öz adına kart açdırıb başqa şəxsə verərsə, məsuliyyətə cəlb oluna bilər:
"Kart sahibi adından üçüncü şəxslər tərəfindən əməliyyatlar icra edilərsə və bu əməliyyatların kart sahibi tərəfindən icra edilmədiyi sübuta yetirilərsə, bu əməliyyatın kart sahibi tərəfindən icra edildiyi hesab edilir. Bu isə kart sahibinə münasibətdə mülki və cinayət-hüquqi məsuliyyət tədbirlərinin tətbiqi ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, kartını və kart məlumatlarını üçüncü şəxslərə təqdim etməyin. Hər hansı şübhəli hallarla rastlaşdıqda bankınıza və hüquq-mühafizə orqanlarına bu barədə məlumat təqdim edin".
"Kapital Bank"ın İctimaiyyətlə əlaqələr prosesinin sahibi Arzu Əliyeva müştərilərə xəbərdarlıq edir:
"Bank kartlarını və məlumatlarını üçüncü şəxsə vermək fərdi məlumatları da paylaşmaq deməkdir. Bu halda dələduzlar həmin şəxslərin maliyyə hesablarına daxil ola bilər, onun bütün bank məlumatlarına nəzarət edə, hətta hesabdakı vəsaitdən rahatlıqla istifadə edə bilər. Bank kartlarının hansısa ödəniş və xidmət qarşılığında istəyənlərə qarşı diqqətli olun. Unutmayın ki, kartınıza və banka dair məlumatlarınız yalnız sizə məxsusdur. Onları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyəti orqanlara xəbər verməniz tövsiyə olunur."